ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Baydenə qarşı doqquz maddədən ibarət vergidən yayınma ittihamı irəli sürülüb.
AZƏRTAC Fox News telekanalına istinadla xəbər verir ki, bu barədə Kaliforniya dairə məhkəməsinin məlumat bazasına daxil olan ittiham aktında deyilir.
Sənədə əsasən, Hanter Bayden 2016-2019-cu illərdə ödəməli olduğu azı 1,4 milyon dollar məbləğində vergilərdən yayınmaq üçün dörd illik sxemdə iştirak edib. O, həmçinin vergi bəyannamələrini saxtalaşdırmaqda ittiham olunur. Təqsiri sübuta yetirilərsə, oğul Baydeni 17 ilədək həbs cəzası gözləyir.
Xüsusi prokuror Devid Uayss Prezidentin oğlunun vergi ödəmək əvəzinə dəbdəbəli həyat tərzinə milyonlar xərclədiyini iddia edir. İddialara görə, Hanter Bayden narkotiklərə, rəfiqələrinə, dəbdəbəli otellərə, mülklərə, nadir avtomobillərə, geyimlərə və digər şəxsi əşyalara 2016-cı ildə təxminən 1 milyon dollar, 2017-ci ildə 1,4 milyon dollar, 2018-ci ildə 1,8 milyon dollar, 2019-cu ildə 600 min dollar, 2020-ci ildə isə 1,2 milyon dollar xərcləyib.
Cozef Baydenin oğlu əvvəllər silahla bağlı üç qanun pozuntusunda da ittiham olunub.