Avropa İttifaqı Komissiyasının Prezidenti Antonio Costa Ermənistan ilə Azərbaycan arasında əldə olunan sülh razılaşmasının və Ermənistanla Türkiyə arasında münasibətlərin yaxşılaşmasının region üçün yeni mərhələ yaratdığını bildirib.
Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində çıxış edən Antonio Kosta qeyd edib ki, bugünkü zirvə Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşma sayəsində mümkün olub və bu, mürəkkəb beynəlxalq şəraitdə sülhün mümkünlüyünü göstərən mühüm hadisədir.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülh razılaşması, eləcə də Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması regionu strateji baxımdan yeni inkişaf xəttinə çıxarır. Bu proses bazarlar, nəqliyyat dəhlizləri, rəqəmsal şəbəkələr, enerji əlaqələri və iqtisadi əməkdaşlıq baxımından Cənubi Qafqaz üçün dönüş nöqtəsi hesab olunur.
Antonio Kosta vurğulayıb ki, baş verən dəyişikliklər yalnız malların, məlumatların və insanların hərəkətini asanlaşdırmır, eyni zamanda qarşılıqlı etimadın möhkəmlənməsinə, yeni iş yerlərinin yaradılmasına və qonşu ölkələr arasında birgə inkişaf imkanlarının genişlənməsinə xidmət edir.
Avropa İttifaqının bu baxışın reallığa çevrilməsi üçün etibarlı tərəfdaş olmağa hazır olduğunu bildirən Kosta əlavə edib ki, sülh prosesinin geri dönməz xarakter alması, rifah imkanlarının artması, həmçinin Ermənistanda demokratik institutların gücləndirilməsi, xarici müdaxilə və dezinformasiyaya qarşı mübarizə xüsusi əhəmiyyət daşıyır.
