Bugun.tv xəbər verir ki, Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
İclası açan komitə sədri Bəxtiyar Əliyev gündəlik barədə məlumat verib. Bildirib ki, birinci oxunuşda müzakirəyə çıxarılan 4 qanun layihəsi – “Təhsil haqqında” qanunda, “Elm haqqında” qanunda, “Peşə təhsili haqqında” və Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri mahiyyətcə bir-biri ilə bağlıdır.
Qanun layihələri barədə məlumatı təqdim edən Bəxtiyar Əliyev dəyişikliklərin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 iyul tarixli Fərmanı ilə bağlı olduğunu diqqətə çatdırıb. Belə ki, fərmanda AMEA-nın strukturunda dəyişikliklər edilib, Azərbaycan Respublikasının elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi ilə bağlı səlahiyyətlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə həvalə olunub. Həm bu fərmandan irəli gələrək, eyni zamanda, Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası və digər sənədlərdə qarşıya qoyulan hədəflərə uyğun olaraq elm və təhsil sahəsi ilə bağlı qanunvericiliyə müvafiq dəyişikliklər təklif edilib. Dəyişikliklərin əsasən “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuş) ehtiva olunduğunu deyən komitə sədri artıq Azərbaycanda təhsilverənlərin (müəllimlərin) sertifikatlaşdırmadan keçirildiyini və onların maaşlarının artırıldığını qeyd edib. Layihəyə əsasən, sosial müdafiəsi gücləndirilən müəllimlərin əhatə dairəsinin genişləndirilməsi məqsədilə dövlət məktəbəqədər təhsil müəssisələrində də təhsilverənlərin sertifikatlaşdırmadan keçirilməsi nəzərdə tutulub və işə ilk dəfə qəbul olunan təhsilverənlərin sertifikatlaşdırmadan keçmə hüququnun yaranması müddəti 5 ildən 3 ilə endirilib. Təklif olunan dəyişikliklərin mütərəqqiliyindən danışan komitə sədri yaşı 60 və daha çox olan təhsilverənlərin sertifikatlaşdırmaya könüllü əsaslarla cəlb edilməsi qaydasını ayrıca vurğulayıb.
Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev dəyişikliklərdə təklif olunan elmi-tədqiqat işlərinə diqqətin artırılması, ali və orta ixtisas təhsili müəssisələrinə tədris planlarının hazırlanması hüququnun verilməsi, təhsil sahəsində dövlətin vəzifələrinin artırılması kimi məsələləri şərh edib.
Sonra Bəxtiyar Əliyev uyğunlaşdırma xarakteri daşıyan digər üç qanun layihəsində də oxşar dəyişikliklərin təklif olunmasından danışıb. Diqqətə çatdırıb ki, “Elm haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) əsasən AMEA-nın bəzi elmi müəssisə və təşkilatlarının, habelə digər qurumların Elm və Təhsil Nazirliyin tabeliyinə verilməsi ilə bağlıdır. “Peşə təhsili haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) peşə təhsili müəssisələrində müasir standartlara uyğun effektiv kadr siyasətinin həyata keçirilməsi və həmin müəssisələr üçün yüksək keyfiyyətli və innovativ təlim metodlarına cavab verən ixtisas dərsliklərinin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə əlaqədar hazırlanıb.
Gündəliyin 4-cü məsələsi olan Əmək Məcəlləsində, “Məktəbəqədər təhsil haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) isə dövlət məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu, yerdəyişməsi və sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
Komitə sədri vurğulayıb ki, təklif olunan dəyişikliklərin qəbulu ölkəmizdə elm və təhsilin qarşılıqlı şəkildə inteqrasiya olunmasına şərait yaradacaq, elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.
Qanun layihələrinin müzakirəsində deputatlar Ceyhun Məmmədov, Etibar Əliyev çıxış ediblər. Bildiriblər ki, layihələrdə təklif olunan dəyişikliklər, həmçinin ali məktəblər tərəfindən dərsliklərin çapına vəsaitlərin ayrılması, kitabxanaların təkmilləşdirilməsi, müasir peşələrin atlasının hazırlanması, əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi kimi məsələlərlə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
Komitə sədri Bəxtiyar Əliyev deputatların səsləndirdikləri qeydlərə münasibət bildirəndən sonra gündəlikdəki qanun layihələrini ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
İclasda deputatlar Ülviyyə Ağayeva, Tamam Cəfərova, Afət Həsənova, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.
Mənbə: AZƏRTAC