Rusiya və Ukrayna ağır xəstə və yaralı əsir əsgərlərini təhvil verib.
Bildirilib ki, Rusiya ilə Ukrayna arasında ağır xəstə və yaralı əsir əsgərlərin mübadiləsi bu ayın əvvəlində Türkiyənin İstanbulda ev sahibliyi etdiyi danışıqlarda əldə olunan razılaşmalara uyğun olaraq həyata keçirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada İyunun 2-də İstanbulda Rusiya ilə Ukrayna arasında əldə edilən razılaşmalara əsasən Kiyevin əsir götürdüyü bir qrup rus əsgərini geri qaytardığı bildirilib.
Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrindən əsir götürülən bir qrup əsgərin Kiyevə verildiyi vurğulanan bəyanatda rus əsgərlərinin hazırda Belarus torpaqlarında olduğu və onlara tibbi və psixoloji yardım göstərildiyi bildirilib.
Açıqlamada bütün rus əsgərlərinin nazirliyin tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiyaya göndəriləcəyi bildirilib. Nazirlik əsir mübadiləsinə cəlb olunan əsgərlərin sayı barədə məlumat verməyib.
ZELENSKİNDƏN İLK BƏYANAT
Ukrayna prezidenti Vladimir Zelenski Telegram hesabında Rusiya ilə əsir mübadiləsi həyata keçirdiklərini açıqlayıb.
Ağır yaralı və xəstə əsgərlərin mübadiləsinin ikinci mərhələsinin bu gün həyata keçirildiyini qeyd edən Zelenski, “Bu gün ordumuz əsgərlərimiz, milli qvardiyaçılarımız və sərhədçilərimiz evlərinə qayıtdılar. Hər kəsin müalicəyə ehtiyacı var və onlara mütləq lazımi köməklik göstəriləcək” deyib.
“Biz bütün əsirlərin geri qaytarılması üçün işləməyə davam edəcəyik” deyən Zelenski əlavə edib: “Bu mübadiləsini mümkün edən hər kəsə təşəkkür edirəm”.
İyunun 2-də Türkiyənin ev sahibliyi ilə İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqlar nəticəsində 6 min Ukrayna əsgərinin donmuş cəsədlərinin təhvil verilməsi, ağır xəstə və yaralı əsgərlərin və 25 yaşından kiçik əsir əsgərlərin dəyişdirilməsi ilə bağlı razılıq əldə edilib.
Bu razılaşma çərçivəsində iyunun 9-u və 10-da Rusiya ilə Ukrayna arasında yaşı 25-dən az olan ağır xəstə və yaralı əsgərlərin əsir mübadiləsi həyata keçirilib.
Dünən Ukrayna müharibədə həlak olan 1212 ukraynalı əsgərin cənazəsinin Rusiyadan Ukrayna tərəfinə çatdırıldığını açıqlayıb. Rusiya bunun müqabilində Rusiya Silahlı Qüvvələrinin 27 əsgərinin cəsədinin qaytarıldığını açıqlayıb.
Mənbə: TgrtHaber