Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.
Bu barədə Bugun.tv-nin bölgə müxbiri məlumat verib.
Dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb. Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb. Bir nəfər Qaraqullar kənd sakinini ildırım vurub və hazırda o, xəstəxanaya yerləşdirilib.
Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən dəymiş ziyanların aidiyatı yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.