Dayı şalvarının düyməsini tikir. Elnur gəlir.
– Salam, daday, bəs dayıgəlini han?
– Dayıgəlini yol üstədi, çemodanını yığıb, gedir.
– Hara?
– Atasının xarabsına.
– Hə, məsələ aydındır. Dayday, mədən böyüksən, sənə bir söz deyim, incimə cavan qız almaq asandır, onu saxlamaq çətin.
– Boş-boş danışma, mən onu yağ içində böyrək kimi saxlamışam.
– Bəs, onda niyə çemodanını yığıb gedir?
– Onu get onun özündən soruş.
Dayigəlini gəlir.
– Elnur, yaxşı gəlmisən, get, bir taksi çağır, mən gedim.
– Ay dayigəlini, dayımı tək qoyub hara gedirsən?
– Tək qoymuram, o, sevimli pişiyilə qalır. Pişiyini məndən çox istəyir.
– Bircə dəqiqə, mən bu məsələyə aydınlıq gətirim. Dayı, sən pişiyi çox istəyirsən yoxsa arvadını.
– İkisini də.
– Dayı, məndən də böyüksən, burada işləri korladın. Adam arvadını istəyər, pişiyini də, amma arvadını pişiyindən bir az çox istəyər.
– Mən sənin qədər bilmirəm?! Özüm bilərəkdən elə deyirəm ki, arvadım məni pişiyə qısqansın.
– Hə başa düşdüm. Dayigəlini, dayım səni pişiyindən çox istəyir.
– Haradan bildin?
– Özü elə indi etiraf etdi. Deyir əgər Zivər getsə, mənə bir şüşə sirkə al.
– Sirkəni neyləyir, başına sürtəcək?
– İntihar edəcək.
– Əla başlamısan, davam elə. Yüz manatın məndə.
– Mən sənin dayına inanmıram.
– Dayıgəlini, bir dəqiqə mənə qulaq as. Dayımın dərdindən bilirsən nə qədər qız ölürdü? O, ancaq səni seçdi.
– Doğrudan? Bəs, bu günə kimi niyə bir dəfə də olsun deməyib?
– Mənim dayım çox təvazökar adamdır.
– Elnur, davam elə, iki yüz manatın məndə.
– Beş yüz manata çatdıra bilsəydim, kompüter alardım. Dayıgəlini, sən gəl daşı tök ətəyindən, dünyanı gəzsən, mənim dayımdan tapmayacaqsan.
– Elnur, əla davam elə, üç yüz manatın məndə.
– Siz bir-biriniz üçün yaranmasınız. Adəm ilə Həvva kimi.
– Elnur, ogulusan, davam elə dörd yüz manatın məndə.
– Dayım deyir ki, Zivər mənimlə barışsa, ona brilyant üzük alacağam.
– Qoy bu sözləri özü desin.
– Mən sənə bir brilyant üzük alaram. Elnur, sənin dörd yüz manatın batdı.
– Dayday, arvadına üzüyü mənim hesabıma niyə alırsan?
– Sənin dilindən çəkən var idi?
– Nə bilim, ağlıma gəldi dedim.
– Ucuz bir şey deyə bilməzdin?
– İndi belə oldu? Mən getdim.
– Dayan, hara? Sən də bizimlə gedirsən. Sən bayaq necə dedin? Biz bir-birimiz üçün dünyaya gəlmişik. Adəm ilə Həvva kimi.
– Həvva uç gündən bir, atasının xarabsına getmirdi.
– Elnur, dayına de ki, Həvva nənənin nə atası olub, nə də atasının xarabsı. Duşun qabağıma getdik, mağaza bağlanar.
– Bacıoğlu, gəldin gördün bizim evdə qan su yerinə axır, qarışma. Mənə çox baha başa gəlir, başa düşdün?
– Duşdüm.
– Mən düşmədim.
– Sən başa düşən olsaydın, şalvarımın düymasini mən niyə tikirdim?!
Əhməd Orucoğlu