İqtisadçı deputat Vüqar Bayramov Konstitusiya Məhkəməsinin işçilərlə bağlı qəbul etdiyi yeni qərarı öz sosial media hesabında paylaşıb.
Deputat bildirib ki, Konstitusiya Məhkəməsi əmək müqaviləsinə xitam verilərkən istifadə olunmamış məzuniyyət günlərinə görə kompensasiyanın ödənilməsi ilə bağlı mühüm qərar qəbul edib. Qərara əsasən, işçiyə bütün iş illəri üzrə istifadə etmədiyi əsas və əlavə məzuniyyət günlərinə görə kompensasiya verilməlidir.
Paylaşımda qeyd olunur ki, bu yanaşma Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 115–117 və 118-1-ci maddələrini əhatə edir. Həmin maddələr əmək şəraiti və funksiyasına görə əlavə məzuniyyətləri, uşaqlı qadınların əlavə məzuniyyət hüquqlarını, həmçinin pedaqoji və elmi fəaliyyətlə məşğul olan şəxslərin məzuniyyət müddətlərini müəyyən edir.
Vüqar Bayramovun paylaşımına görə, əgər işçi müxtəlif səbəblərdən əsas və ya əlavə məzuniyyətindən tam istifadə etməyibsə, işdən çıxarkən həmin günlərə görə ödəniş alacaq.
Bu, zərərli və ağır şəraitdə çalışanlara, yeraltı işlərdə işləyənlərə, yüksək fiziki və zehni gərginlik tələb edən vəzifələrdə çalışanlara, eləcə də uşaqlı qadınlara şamil edilir.
Deputat nümunə də göstərib:
- istifadə edilməmiş 50 gün əlavə və 40 gün əsas məzuniyyət olduqda, ümumilikdə 90 gün üzrə kompensasiya hesablanacaq.
- gündəlik məzuniyyət haqqı 50 manat olarsa, bu halda 4 500 manat ödəniş təmin ediləcək.
Deputat vurğulayıb ki, qərar işçilərin sosial hüquqlarının daha effektiv qorunmasına xidmət edəcək.
