ABŞ-da elan olunan Milli Təhlükəsizlik Strategiyasının Rusiyanın siyasi maraqlarına uyğun olduğu bildirilir.
Bu fikirləri siyasi ekspert Məhəmməd Əsədullazadə öz sosial media hesabında paylaşıb.
Ekspertin sözlərinə görə, Donald Tramp administrasiyasının hazırladığı yeni Strategiya Avropa ilə siyasi-təhlükəsizlik və hərbi əlaqələri zəiflətməklə NATO-nun genişlənməsini də faktiki olaraq gündəmdən çıxarır. M. Əsədullazadə iddia edir ki, bu, Qərb Alyansının inkişafına zərbə vurur və onun parçalanmasına xidmət edir.
O qeyd edib ki, Rusiya prezidenti Vladimir Putinin əsas siyasi planı da məhz Qərbin zəifləməsinə yönəlib və Trampın Ukrayna məsələsində Rusiyanın mövqeyini dəstəkləməsi bu xətti gücləndirir.
Ekspert bildirib ki, Tramp administrasiyasının Zəngəzur dəhlizi ilə bağlı proseslərə Rusiyanı cəlb etməsi də istisna deyil. Onun fikrincə, Trampın xüsusi nümayəndəsi S. Uitkof və kürəkəni C. Kuşner Rusiyanın lobbiçilik fəaliyyətini dəstəkləyir.
Deputat iddia edir ki, Tramp və vitse-prezident Vens ABŞ-ın geri çəkilməsinə, Ukraynaya təzyiqlərin artırılmasına və ərazi güzəştlərinə məcbur edilməsinə çalışır. O əlavə edib ki, yeni Milli Təhlükəsizlik Strategiyası ABŞ administrasiyasına gələcək üç il ərzində etibar edilməsinin çətin olduğunu göstərir.
