Milli Məclisin deputatı Ceyhun Məmmədov Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib.
Deputat təbrikində Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O bildirib ki, dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri ölkənin iqtisadi-siyasi kursunu gələcəkdə davam etdirə biləcək layiqli varis yetişdirməsi olub.
Ceyhun Məmmədov xatırladıb ki, Heydər Əliyev 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində İlham Əliyevə olan dərin inamını açıq şəkildə ifadə etmişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Deputatın sözlərinə görə, bu inam sonrakı illərdə Azərbaycanın əldə etdiyi uğurlarla öz təsdiqini tapıb.
Müsahibədə qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan regionun lider dövlətinə çevrilib, mühüm sosial-iqtisadi layihələr həyata keçirilib, ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq işləri dövlət başçısının strateji baxışının nəticəsi kimi qiymətləndirilib.
Deputat Ceyhun Məmmədov təbrikinin sonunda Prezident İlham Əliyevə möhkəm cansağlığı və dövlətçilik yolunda yeni uğurlar arzulayıb, onun rəhbərliyi ilə Azərbaycanın inkişafının davam edəcəyinə əminliyini ifadə edib.
