Milli Məclisin deputatı Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə sosial media hesabında paylaşım edərək vətəndaşları təbrik edib.
Deputat qeyd edib ki, Torpaq Çərşənbəsi xalqımızın əsrlər boyu qoruyub saxladığı Novruz ənənələrinin mühüm tərkib hissəsidir. Onun sözlərinə görə, bu gün təbiətin oyanışını, torpağın canlanmasını və həyatın yenidən dirçəlməsini simvolizə edir.
Ceyhun Məmmədov bildirib ki, xalq inanclarına əsasən, bu gündə torpaq “nəfəs alır” və təbiət bahara tam hazır vəziyyətə gəlir. Deputat vurğulayıb ki, Torpaq Çərşənbəsi insanın torpağa bağlılığını, zəhmətin, bərəkətin və ruzi-bolluğun əhəmiyyətini bir daha xatırladır.
Paylaşımda həmçinin qeyd olunub ki, torpaq Novruz ənənələrində həyatın başlanğıcı, məhsuldarlığın və bolluğun rəmzi hesab edilir. Əcdadlarımızın bu günü torpağa hörmət və ehtiramla qarşıladığını bildirən deputat, bu dəyərlərin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Deputat əlavə edib ki, bu əlamətdar günlər birlik, ümid və yenilənmə rəmzidir. İnsanlar bu günlərdə evlərini təmizləyir, süfrələrini bərəkətlə bəzəyir və baharın gəlişini sevinc hissi ilə qarşılayırlar.
Ceyhun Məmmədov Torpaq Çərşənbəsi münasibətilə hər kəsə bərəkət, firavanlıq və xoş günlər arzulayıb.
