19 C
Baku
22 Noyabr 2024, 15:23
Baş xəbər

Deputat: Fransa qanlı müstəmləkəçilik keçmişinə görə bu xalqlara maddi və mənəvi təzminat ödəməlidir

Avropa İttifaqı Parlamentinin nümayəndəsi Natali Luazo dünən Parlamentdə çıxışında COP29-la bağlı məsələnin mahiyyətindən uzaq və öz mandatından kənar siyasi fikirlər səsləndirib. Görünür, onun BMT-in bu tədbiri ilə bağlı anlayışı və təcrübəsi yoxdur. Və ya özünün də dediyi kimi, bu beynəlxalq tədbirin keçirilməsinin Azərbaycana həvalə olunmasını özünün anti-Azərbaycan baxışlarını səsləndirmək üçün bir fürsət bilib.

Əslində isə tədbirə və onun gündəliyinə heç bir aidiyyatı olmayan fikirlər səsləndirməklə o özünün bilgisizliyini və ikitirəli siyasi baxışlarını ifşa edib.

Bunu Bugun.tv-yə açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

Aİ Parlamentində insan hüquqları geniş şəkildə işıqlandırılmalı, Avropa ölkələrinin etnik azlıqlar, yerli xalqlar (indegenous people) üzərində həyata keçirdiyi siyasi hegemonluq müzakirə mövzusu olmalıdır. Hüquqları tapdalanmış, təbii sərvətləri talanmış, mədəni irsi, abidələri oğurlanaraq Parisə daşınmış Afrika ölkələrinin xalqlarının təzminatı nə vaxt ödəniləcək, bu məsələlər bəs nə vaxt Avropa Parlamentində işıqlandırılacaq? – deyə dünya ictimaiyyəti hələ də gözləyir.

Üzr istəmək mədəniyyətinə belə malik olmayan Fransa qanlı müstəmləkəçilik keçmişinə görə bu xalqlara maddi və mənəvi təzminat ödəməlidir. Əgər Luazo öz ölkəsinin qanlı keçmişinə nəzər salsa, Parlamentdə daha faydalı məsələlər qaldırar.

Avropada yerləşən Fransa dünyanın 4 okeanında müxtəlif əraziləri zəbt edərək koloniya halına salıb, özünə təxminən 11 milyon kvadrat kilometr ərazini əhatə edən dünyanın ən böyük zonalarından biri – Eksklüziv İqtisadi Zona yaradıb. Fransa bu ərazilərdə dəniz ehtiyatlarını, o cümlədən balıqçılıq, neft, qaz və faydalı qazıntıları, eləcə də insan əməyini istismar edir. Şimali Afrikadan Cənub-Şərqi Asiyaya, Yaxın Şərqdən Cənubi Sakit Okean hövzəsinə qədər ərazidə yaşayan milyonlarla insan tarixən Fransanın qanlı qılıncından keçərək tabe edilib, repressiyalara məruz qalıb, öldürülüblər.

Əlcəzairdə xüsusi amansızlıqla Fransız hökuməti tərəfindən qətlə yetirilmiş 1.5 milyon günahsız insanın qalıq sümüklərinin qəhrəmanlıq nümunəsi kimi Paris muzeyində saxlanılması və nümayiş etdirilməsi fransız qəddarlığının bariz, tarixi nümunəsidir.

Fransa mədəni assimilyasiya və yerli xalqların mədəni irsinin qəsdən məhv edilməsi – “kultursid” siyasəti yürüdür. Bu siyasət yerli mədəniyyətlərin və adət-ənənələrin məqsədli şəkildə məhvinə hədəflənib. Fransanın neo-kolonializm siyasəti ilə fransız mədəni normaları və dəyərlərini üstün tutması, beləliklə də etnik azlıqların unikal mədəni kimliklərinin marginallaşdırılması və aşındırılması davam etdirilir.

Ümumilikdə, bu assimilyasiya səyləri yerli xalqların gənc nəsillərinin öz mədəni irsləri haqqında məhdud biliklərlə böyüməsi üçün hesablanmış bir ssenaridir. Bunun əvəzinə onlara fransız mədəni və tarixi hekayələri aşılanır ki, bu da onların mədəni kimliyinin itməsinə gətirib çıxaracaq. Bu strategiya təkcə mədəni biliklərin və ənənələrin ötürülməsini əngəlləmir, həm də Fransanın dənizaşırı ərazilərində müxtəlif mədəni irslərin məhv edilməsi məqsədi güdür.

Tarixin ən böyük müstəmləkə ölkəsi kimi Fransa 19-cu əsrdə Yeni Kaledoniya da daxil olmaqla 13 xarici ərazini (France d’outre-mer) müstəmləkə etdi. 1960-cı illərdə müstəmləkəçilik sona çatsa da, bu bölgələrdə Fransa öz nüfuzunu hər vasitə ilə qoruyub saxladı. Fransa hökuməti hazırda öz maraqları naminə neo-kolonializm siyasətini həyata keçirir, dənizaşırı ərazilərdə yerli xalqların assimilyasiyası və qeyri-qanuni miqrantların həmin ərazilərə köçürülməsi siyasəti aparır. Müstəqillik uğrunda həyata keçirilən dinc aksiyalarda 400-dən çox insan yaralanıb, 2 nəfər öldürülmüş, 11 nəfər həbs edilmişdir.

Fransız Polineziyasında nüvə sınaqları, Yeni Kaledoniyada nikel istismarı, Martinik və Qvadelupda pestisidlərlə ətraf mühitin eko-terroru Mayotun Fransa tərəfindən işğalının onun sosial-iqtisadi inkişafının reqressiyası ilə nəticələnməsi məsələlər Aİ Parlamentində qaldırılmalıdır.

Hüquqları pozulduğu üçün etiraz səsi boğulan kanaklar, öz dili, dini, mədəniyyəti, milli mənsubiyyəti ilə bağlı diskriminasiyaya məruz qalan polineziyalılar, Martinikdə susdurulan etnik azlıqların hüquq və azadlıqlarının pozulması halları Avropa Parlamentində işıqlandırılmalı, müzakirəyə qoyulub qətnamələr qəbul edilməlidir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva.

 

 

Aynur Camal

Oxşar xəbərlər

Numan Kurtulmuş Bakıda səfərdədir

Bugün TV

Azərbaycanda COVID-19 vaksininin vurulan dozalarının sayı açıqlanıb

Bugün TV

78 qeyri-qanuni mühacir tutuldu

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu