Bugun.tv -yə daxil olan məlumata görə, deputat Ceyhun Məmmədov öz sosial media hesabında gənclərə müraciət ünvanlayıb.
Millət vəkili bildirib ki, müasir dövrdə sosial media artıq sadəcə ünsiyyət vasitəsi deyil, ictimai rəyin formalaşdığı, fikir mübadiləsinin aparıldığı və məlumatların sürətlə yayıldığı geniş platformadır. Onun sözlərinə görə, bu platformanın gücü böyükdür və düzgün istiqamətləndirilmədikdə zərərli nəticələrə səbəb ola bilər.
Deputat vurğulayıb ki, sosial media süni gündəm yaratmaq və ya diqqət çəkmək üçün deyil, maarifləndirmə, milli dəyərlərin qorunması, milli birliyin möhkəmləndirilməsi və sağlam müzakirə mühitinin formalaşdırılması üçün istifadə olunmalıdır. O qeyd edib ki, yoxlanılmamış məlumatların yayılması, aqressiv və təhqiramiz ifadələr cəmiyyətin informasiya təhlükəsizliyinə və mənəvi mühitinə mənfi təsir göstərir.
Ceyhun Məmmədov əlavə edib ki, paylaşılan hər fikir və məlumat minlərlə insana təsir edir, xüsusilə gənclər sosial mediada gördükləri davranışları örnək götürürlər. Bu baxımdan rəqəmsal məkanda məsuliyyətli və nümunəvi davranış vacibdir.
Millət vəkili gəncləri sosial medianı vaxt itkisi deyil, inkişaf vasitəsinə çevirməyə çağırıb. O, bilik və bacarıqların paylaşılmasını, faydalı təşəbbüslərin dəstəklənməsini, məlumat yayarkən mənbələrin araşdırılmasını və emosional deyil, düşünülmüş mövqe sərgilənməsini tövsiyə edib.
Deputat bildirib ki, rəqəmsal məkan da vətəndaş məsuliyyəti tələb edir və güclü dövlət, güclü cəmiyyət məhz məsuliyyətli fərdlərlə qurulur. Onun sözlərinə görə, sosial medianın istiqamətini müəyyən edən istifadəçilərdir və bu güc doğru yönəldilməlidir.
