“Azərbaycanın nüfuzu dünyada sürətlə artır. Xüsusilə COP29, Qoşulmama Hərəkatının sədrliyi dövründə və digər çoxtərəfli diplomatiya sahələrində ölkənin hörməti çox artıb. Bu, azərbaycanlı diplomatların nailiyyətidir. Azərbaycan dünyada bir-birilə düşmən olan, rəqabət aparan ölkələr arasında çox incə balans seçməyi bacarır”.
Bugun.tv xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fariz İsmayılzadə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda keçirdiyi dinləmədə deyib.
O bildirib ki, Azərbaycan İran və İsrail arasında balanslı siyasət aparır:
“Hər iki ölkə ilə kifayət qədər yaxşı əlaqələrimiz var. Qərb ölkələri ilə Rusiya arasında da rəqabət var. Çalışırıq ki, hər iki ölkə ilə dostluq münasibətlərini qoruyaq. Hətta Ukraynadakı problem kimi incə məsələdə də biz balans seçməyi bacarmışıq. Lakin biz Hindistan-Pakistan məsələsində o balansı tapa bilməmişik. Nəzərə alsaq ki, gündən-günə, ildən ilə Hindistanın iqtisadi, siyasi, hərbi gücü artır, biz bu barədə düşünməliyik. Çünki bu siyasət artıq gəlib Cənubi Qafqaza da çatıb. Hindistanın Ermənistana verdiyi dəstək, silahlandırma, raket və digər avadanlıqların göndərilməsi bizim üçün milli təhlükəsizlik problemi yaradır”.
Daha sonra deputat xarici işlər nazirinin müavini Yalçın Rəfiyevə sual ünvanlayıb:
“Azərbaycanın Hindistanla bağlı gələcək baxışları nə olacaq? Biz necə edə bilərik ki, bu iki ölkə arasında bir-birinə qarşı münasibətlərimiz olmasın?”
Yalçın Rəfiyev isə cavabından qeyd edib ki, Azərbaycanın Hindistandan gözləntisi münasibətlərə xələl gətirməməkdir:
“Azərbaycanın münaqişələrə münasibəti BMT nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanır. Bu yaxınlarda Azərbaycanın Pakistan-Hindistan münaqişəsinə ifadə etdiyi münasibət bu prinsiplərə əsaslanır. Hindistanın Ermənistanın silahlandırılmasına gəldikdə isə hazırda incə məqamdayıq. Üçüncü ölkələrdən də gözləntimiz odur ki, bu münasibətə xələl gətirəcək addımlar atmasın. Bundan başqa, onu da qeyd edim ki, Azərbaycan üçün Hindistan vacib ölkədir”.
Mənbə: Teleqraf.Az