Milli Məclisin deputatı Ceyhun Məmmədov İranın uzunmüddətli davamlılığında ideologiyanın mühüm rol oynadığını bildirib.
Deputat qeyd edib ki, dövlətlərin güclü və sabit olmasında ideologiya yalnız nəzəri anlayış deyil, həm də cəmiyyəti birləşdirən və çətin dövrlərdə səfərbər edən əsas amillərdən biridir.
Onun sözlərinə görə, İran uzun illərdir müxtəlif siyasi, iqtisadi və hərbi təzyiqlərə baxmayaraq müəyyən sabitliyi qoruyub saxlayır. Bu isə təsadüfi deyil, əsas səbəblərdən biri məhz ideoloji sistemin mövcudluğudur.
Ceyhun Məmmədov bildirib ki, İranda formalaşmış ideoloji yanaşma cəmiyyət daxilində vahid baxış yaradır, fərqli sosial təbəqələri ümumi məqsədlər ətrafında birləşdirir və böhran dövrlərində dövlətin dayanıqlığını artırır.
Deputatın fikrincə, ideologiya həm də səfərbərlik mexanizmi rolunu oynayır və bu, dövlətin xarici və daxili təzyiqlərə qarşı daha təşkilatlanmış reaksiya verməsinə şərait yaradır.
O əlavə edib ki, ideologiya eyni zamanda dövlətin xarici siyasətinə və təhlükəsizlik strategiyasına da təsir göstərir və uzunmüddətli strateji xəttin qorunmasına xidmət edir.
Bununla yanaşı, deputat vurğulayıb ki, ideologiya təkbaşına kifayət etmir. Dövlətin real gücü iqtisadiyyat, texnologiya, idarəetmə və sosial rifah kimi amillərin vəhdəti ilə formalaşır.
Ceyhun Məmmədovun qənaətinə görə, İran nümunəsi göstərir ki, ideologiya düzgün formalaşdıqda və cəmiyyət tərəfindən qəbul edildikdə dövlətin daxili birliyini və davamlılığını gücləndirən əsas faktorlardan birinə çevrilə bilər.
