Milli Məclisin deputatı Məlahət İbrahimqızı 44 günlük Vətən müharibəsi şəhidi Mir Həmid Qasımlının ailəsinə baş çəkib.
“Bugun.tv” xəbər verir ki, deputat Qəhrəman Şəhidimiz Mir Həmid Qasımlının atası və anası ilə söhbət edərək, onları narahat edən məsələlərlə maraqlanıb:
Deputat qeyd edib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ən müqəddəs borcu Vətən uğrunda canından və həyatından keçən əziz Şəhidlərimizin ailə üzvləri və sağlamlığından keçən qəhrəman Qazilərimizlə vaxtaşırı görüşmək, Onlara xidmət etmək, Onları heç vaxt tək buraxmamaqdır.
Rayonumuzun dəyərli Ağsaqqalı Nazim qardaş və çox ləyaqətli xanımı Raziyə xanımın böyüdüb, boya başa çatdırdığı övladı Mir Həmid Qasımlı da onminlərlə oğullarımız arasında könüllü olaraq Vətəninin müdafiəsinə gedən qəhrəmanlar arasında idi. O da daima öz şücaəti ilə bu qanlı-qadalı müharibədə göz qırpmadan Vətən torpağının azad olunmasında şəhid olmağa hazır olduğunu arzularında, məktublarında, söhbətlərində dilə gətirirdi. Qəhrəman Şəhidimiz Mir Həmid Qasımlının ailəsi ilə vaxtaşırı görüşmək, onları ziyarət etmək hər birimiz üçün bir borcdur. Raziyə xanımla hər görüşdən Azərbaycan qadınının əsil obrazını Şəhid Analarımızın tərənnüm etdiyini görürük. Həqiqi mənada Şəhid valideynləri həm də qürur və məğrur simvoluna çevriliblər.
Əziz bacım Raziyə xanım, dəyərli el ağsaqqalı Nazim qardaş, Mir Həmid tək Sizin deyil, hər bir Azərbaycan ailəsinin oğludur. Onunla xalqımız fəxr edir. Bugün Azərbaycanın bütün dəyərli gəncləri Sizin də oğlunuzdur. Azərbaycan xalqı bu gün də, gələcəkdə də cənnət Vətənimizin müdafiəsinə, Respublikamızın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasına görə Sizlərə, əziz Şəhidlərimizə, Qazilərimizə, Müzəffər Ali Baş Komandana və Qəhrəman Milli Ordumuza borcludur və borclu olacaq.
Şəhidlər ölməz, Vətən bölünməz! Unutmayacağıq, Unutdurmayacağıq!
Allah bütün Şəhidlərimizə rəhmət etsin. Amin!