Bugun.tv xəbər verir ki, texnologiya inkişaf etdikcə rastlaşa biləcəyimiz risklər də artır. Barmaq izi ilə bəzi onlayn əməliyyatları apara bilsək də, bəzən şəxsi məlumatlarımızın oğurlanma təhlükəsi ilə üzləşə bilərik.
Bəzi müəssisələrdə, iş yerlərində, xüsusilə də böyük şirkətlərdə giriş-çıxış üçün içərisində şəxsi məlumatlarımızın olduğu kartlardan və ya barmaq izindən istifadə olunur. Araşdırmalar göstərir ki, bu halda dələduzlar onu skan edərək, qeyri-qanuni əməliyyatlarda istifadəsinə nail olurlar. Bu daha çox işdən azad olunan zaman barmaq izinin silinməməsi səbəbi ilə baş verir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, şəxsi məlumatlarımız işdən çıxanda və ya binadan daşınanda barmaq izi, səs, göz texnologiyasından istifadə edilən müxtəlif avadanlıqlardan mütləq silinməlidir. “Çünki o məlumatları – istər şirkət, istər dövlət qurumundan olsun, bir haker oğurlasa, ondan müxtəlif istiqamətlərdə istifadə oluna bilər. Sizə maddi və ya fiziki zərərlər törədə bilərlər. Bununla əlaqəli beynəlxalq standartlar, tələblər var”.
Təhlükəsizlik baxımından məlumatların qorunması və gizliliyinə beynəlxalq miqyasda xüsusi önəm verilir. Bəs, Azərbaycan qanunvericiliyi bu barədə nə deyir?
E.Abbasov deyir ki, bu istiqamətdə qanunvericilik də kifayət qədər inkişaf etməlidir. “Beynəlxalq standartların tələbləri bir çox ölkədə yerli qanunvericiliklə uzlaşır. Ancaq misalçün, şəxsi məlumatlar, onların qorunması, paylaşılması bununla əlaqəli ölkəmizdə də qanunvericilik kifayət qədər təkmilləşdirilməli, beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Əks halda, bizim aldığımız İSO və ya başqa beynəlxalq qurumların sertifikatları Azərbaycan qanunvericiliyi ilə ziddiyyət təşkil edəcək”.
Mənbə: Atv