Almaniya Quru Qoşunları, döyüş şəraitində qərar qəbul etmə proseslərini sürətləndirmək məqsədilə süni intellekt dəstəkli sistemlərin istifadəsini artırmağı planlayır. Almaniya Quru Qoşunları Komandiri, General-leytenant Kristian Freydinq bildirib ki, bu sahədə Ukraynadakı təcrübələrdən vacib dərslər çıxarılıb.
Freuding qeyd edib ki, Ukraynadakı komandanlıq mərkəzlərinə səfərləri zamanı pilotsuz uçuş aparatlarının və müasir sensorların döyüş meydanındakı məlumatların miqdarını əhəmiyyətli dərəcədə artırdığını müşahidə edib.
“Ukraynalılar dörd illik müharibə müddətində topladıqları məlumatlardan istifadə edir. Süni intellekt bu məlumatlara əsaslanaraq düşmənin oxşar vəziyyətlərdə necə hərəkət etdiyini analiz edə bilir və qarşı tədbirlər təklif edir”, – deyə o bildirib.
Komandan vurğulayıb ki, hazırda yüzlərlə şəxsin günlərlə apardığı analizləri süni intellekt çox daha qısa müddətdə tamamlayacaq. Freuding yalnız ənənəvi metodlarla hərəkət etməyin rəqibin qərar dövrünü pozmaq üçün kifayət etməyəcəyini diqqətə çatdırıb.
Süni intellekt sistemlərinin təlimində həm Ukraynadakı məlumatlar, həm də Alman ordusunun təlimlərindən əldə olunan biliklərdən istifadə olunacağı planlaşdırılır. Bu yanaşma sistemlərin Almaniyanın əməliyyat prinsipləri ilə uyğunlaşmasını təmin edəcək.
Freuding həmçinin etik məsələlərə toxunaraq, süni intellektin yalnız məsləhətçi vasitə olacağını və son qərarın hər zaman insan tərəfindən veriləcəyini bildirib. “Analitik və balanslı qərar hər zaman insana, hərbçiyə məxsus olacaq”, – deyə o qeyd edib.
Hazırda konkret bir süni intellekt sistemi seçilməyib, lakin bu texnologiyanın tətbiqi prioritetlər arasında yer alır. Freuding vurğulayıb ki, Almaniyanın inkişaf etdirəcəyi sistemlər NATO standartlarına uyğun olmalıdır və məlumat təhlükəsizliyi məsələləri nəzərə alınmalıdır.
ABŞ ordusu isə Silikon Vadisi mərkəzli Palantir şirkətinin hazırladığı “Maven” sistemi vasitəsilə döyüş sahəsi məlumatlarını (görüntü və video) analiz edir və bu sistem qərar qəbul etmə proseslərini sürətləndirir.
Mənbə: İLKHA
