Deputat və iqtisadçı Vüqar Bayramov öz sosial media hesabında paylaşdığı açıqlamada bildirib ki, dünya bazarında Azərbaycan neftinin hər bareli artıq 100 dollardan baha təklif edilir. O, bu qiymət artımının dövlət büdcəsinə əlavə gəlirlər gətirə biləcəyini qeyd edib.
Bayramovun sözlərinə görə, 2026-cı ilin dövlət büdcəsində neftin bir barelinin qiyməti 65 dollar nəzərdə tutulub.
“Statista”nın məlumatına əsasən, bu ilin yanvar ayında Brent markalı neftin orta qiyməti 62,54 dollar, fevralda isə 66,6 dollar olub. FRED isə yanvar və fevral ayları üçün qiymətləri 66,6 və 70,8 dollar göstərib. Bayramov vurğulayıb ki, ilin ilk həftəsində neftin qiyməti artıq 84-90 dollar aralığında dəyişib.
Deputat bildirib ki, 2026-cı ildə Azərbaycanın dövlət büdcəsinin təxminən 43 faizi, yəni 16,4 milyard manatı neft-qaz sektorunun payına düşəcək. Bunun 12,8 milyard manatı Dövlət Neft Fondunun transferləridir. Neftin dünya bazar qiymətinin yüksəlməsi isə büdcəyə əlavə 3,6 milyard manatlıq gəlir gətirə bilər.
Bayramov qeyd edib ki, yüksək neft qiymətləri həm Neft Fondunun gəlirlərini artırır, həm də valyuta ehtiyatlarını gücləndirir. “Orta illik qiymət yüksək olarsa, neft və qaz sektorundan büdcəyə daha çox vəsait daxil olacaq”, – deyə o bildirib.
Deputat əlavə edib ki, büdcə gəlirlərinin artması milli təhlükəsizlik, işğaldan azad olunan ərazilərin bərpası və sosial müdafiənin gücləndirilməsi kimi prioritet sahələrə əlavə vəsait ayırmağa imkan verir. Daha çox gəlir həmçinin qeyri-neft sektorunun inkişafı üçün maliyyə təminatını gücləndirir.
Bayramov həmçinin vurğulayıb ki, Azərbaycan dünya bazarında dayanıqlı neft qiymət tarazlığına maraqlıdır və yüksək qiymət enerji ölkəsi üçün daha çox valyuta gəliri deməkdir.
