Dünyanın ən soyuq daimi yaşayış məntəqəsi Rusiyanın Sibir bölgəsində yerləşən Oymyakon hesab olunur.
Qış aylarında burada temperatur -50°C-dən aşağı düşür, bəzən isə -60°C səviyyəsinə qədər enir.
Mütəxəssislərin məlumatına görə, Oymyakon “soyuğun qütbü” kimi tanınır və burada təxminən 500 nəfər yaşayır. Həddindən artıq şaxtaya baxmayaraq, məktəblər yalnız temperatur -52°C-dən aşağı olduqda bağlanır. Avtomobillər isə daim işlək vəziyyətdə saxlanılır, çünki mühərrik söndürüldükdə yenidən işə salmaq çətin olur.

Əhali əsasən heyvandarlıq və ovçuluqla məşğul olur. Torpaq donmuş vəziyyətdə olduğuna görə kənd təsərrüfatı demək olar ki, mümkün deyil. Buna baxmayaraq, yerli sakinlər sərt iqlimə uyğunlaşaraq gündəlik həyatlarını davam etdirirlər.
Alimlər bildirirlər ki, iqlim dəyişiklikləri nəticəsində belə ekstremal bölgələrdə də temperatur dalğalanmaları müşahidə olunur və bu, Arktika zonasında ekoloji tarazlığa təsir göstərə bilər.
Mənbə: BBC
