ABŞ prezidenti Donald Tramp İraqı işğal etməzdən əvvəl sələfi Corc Buşa oxşar iddialar səsləndirdikdən sonra İrandakı nüvə obyektlərinə zərbələr endirib. İsrail və ABŞ-ın İrana hücumlarından əvvəl İsrailin baş naziri Netanyahu İranın nüvə təhlükəsini şişirtməklə hücuma haqq qazandırmağa çalışıb. Lakin kəşfiyyat hesabatları və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) İranın silah istehsal etmədiyini üzə çıxarıb. Bəs, ABŞ 2003-cü ildə olduğu kimi, yalana əsaslanaraq İrana zərbə endirdi?
ABŞ-ın o zamankı prezidenti Corc Buş 2003-cü ilin mayında, İraqı işğal etdikdən 6 həftə sonra San Dieqo sahillərində ABŞ təyyarədaşıyan gəmisi üzərində qələbə nitqi söyləmişdi. Buş “Missiya yerinə yetirildi” yazılmış pankart altında çıxış edərkən işğalın başa çatdığını elan etdi. Bu hadisə Amerika təkəbbürünün nümunəsi və müasir tarixin ən gülünc mövzusu oldu.
Tezliklə məlum oldu ki, Buşun İraqı işğal etmək üçün əsaslandırması yalanlara əsaslanır. İşğaldan əvvəl İraqdakı Səddam Hüseyn rejiminin kütləvi qırğın silahlarına malik olduğu və onları inkişaf etdirmək niyyətində olduğu iddia edilirdi. Buş həmçinin Səddam Hüseyn rejimini 11 sentyabr hücumlarını həyata keçirən Əl-Qaidə ilə əlaqələndirməyə dəfələrlə cəhdlər edib. Həqiqətən də kütləvi qırğın silahları iddiası və Buşun Əl-Qaidəni Səddam Hüseyn rejimi ilə əlaqələndirmək cəhdləri əsassız çıxdı.
“The Guardian” qəzetinin xəbərinə görə, ABŞ prezidenti Donald Tramp İraqın işğalından 22 il sonra şişirdilmiş və manipulyasiya edilmiş kəşfiyyat məlumatlarına əsaslanan məlumatlarla ABŞ-ı növbəti müharibəyə sürükləyib.
İsrailin baş naziri Benyamin Netanyahu Tehran administrasiyasının zənginləşdirilmiş uran ehtiyatını silahlandırmağa çalışdığını iddia edərək İrana hücum etdiklərini bildirib. Netanyahu, “Əgər dayandırılmasa, İran çox qısa müddətdə nüvə silahı istehsal edə bilər. Bu, bir il və ya bir neçə ay ərzində ola bilər” deyib.
İranın yüksək səviyyəli hərbi rəsmiləri və nüvə alimləri İsrailin hücumunda həyatını itirib. İyunun 13-də İsrailin hücumundan sonra ABŞ ordusu iyunun 22-nə keçən gecə İrandakı üç böyük nüvə obyektini bombalayıb. Fordo, İsfahan və Natanzdakı nüvə obyektlərinə edilən hücumla bağlı Tramp hücumu “möhtəşəm hərbi uğur” kimi qiymətləndirib və obyektlərin “tamamilə məhv edildiyini” bildirib. Tramp əlavə edib ki, onun məqsədi “nüvə təhlükəsini” dayandırmaqdır.
Mənbə: HurriYet