Statistikaya görə, dünyada hər gün 25 min, ildə isə 10 milyondan çox erkən nikah faktı qeydə alınır. 158 ölkənin qanunvericiliyinə əsasən, nikaha daxil olma yaşı kimi 18 qəbul olunsa da, bu qanunlar əksər hallarda pozulur. Təəssüflə qeyd etməliyik ki, son günlərdə ölkəmizdə də bu halın artdığı müşahidə olunur. Bəs görəsən, bu əməli törədənləri hansı cəzalar gözləyir?
Hüquqşünas Elvin Məhərrəmov deyir ki, Ailə Məcəlləsinə əsasən, ölkəmizdə nikah yaşı 18 müəyyən olunub. Yalnız üzrrlü səbəbdən, nikaha daxil olmaq istəyən və buna yaşı çatmayan şəxslərin xahişi ilə icra hakimiyyəti orqanı nikah yaşının 1 ildən çox olmayaraq, azaldılmasına icazə verə bilər. Digər hallarda bu erkən nikah hesab edilir. “18 yaşdan aşağı şəxslər uşaq hesab olunurlar. Bu uşaq hüquqları haqında konvensiyada eyni zmanada, Azərbaycan Respublikası uşaq hüquqları haqqında qanunda da öz əksini tapır. 18 yaşından aşağı şəxslərin hər hansı formada evliliyə cəlb edilməsi nikah sayıla bilməz”.
E.Məhərrəmovun sözlərinə görə, Cinayət Məcəlləsinin 152-ci maddəsi 16 yaşına çatmamış şəxslərin cinsi istismarı ilə bağlıdır və bu hal cinayət məsuliyyəti yaradır. Buna görə 3 ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası təyin olunur. Eyni vəziyyət 14 yaşına çatmamış şəxslər barəsində törədildikdə isə, 3 ildən 6 ilə qədər müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Konstitusiyada qeyd olunur ki, hər bir şəxsin qanunla müəyyən olunan yaşa çatdıqda, ailə qurmaq hüququ var və heç kəs zorla evləndirilə bilməz.
“Əgər məcburetmə varsa, bu Cinayət Məcəlləsinin 176-cı maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Nikah yaşına çatmayan şəxslər barədə bu əməllər törədildikdə isə, 3000 manatdan 4 000-dək miqdarda cərimə və yaxud da 4 il müddətində azadlıqdan məhrumetmə cəzası gözləyir. Nikah yaşına çatmayan uşaqlar nikaha daxil olarsa, bu barədə məlumat əldə etmiş şəxslər həmin ərazi üzrə müvafiq icra hakimiyyəti orqanının Qəyyumluq Himayəçilik şöbəsinə və yaxud da Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinə, eyni zamanda həmin ərazi üzrə polis və prokurorluq orqanlarına məlumat verərək, bu faktın araşdırılmasını xahiş edə bilərlər”.
Bunlarla yanaşı, şəxsin razılığı olmadan onu qaçırmaq qanunvericilikdə adam oğurluğu sayılır. Bu, birbaşa olaraq cinayət məsuliyyətidir. Yəni Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cəzalandırılır. Həmin şəxslər yetkinlik, yəni 18 yaşına çatmayan şəxsləri oğurladıqda onlara 10 ildən 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunur.
Qanunvericiliyə əsasən, nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış və onların nikah yaşına çatmaları zəruridir.