“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri kimi xalqımızın yaddaşına həkk olundu. Zirvə görüşündə cənab Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq onun mahiyyəti haqqında məlumat verib. Ölkəmizin başçısı Qazaxıstana ECO-ya uğurlu sədrliyi münasibətilə təşəkkürlərini də çatdırdı. Azərbaycanın artıq üçüncü dəfədir ki, ECO-nun Zirvə görüşünə ev sahibliyi etdiyini vurğulayan cənab Prezident 2006-cı və 2012-ci illərdə paytaxt Bakıda keçirilən görüşlərin əhəmiyyətini xatırladıb.
Bugun.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
O qeyd edib ki, ölkə başçısının da vurğuladığı kimi Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var: “Dövlətimizin başçısı Ermənistanın işğalından azad edilmiş torpaqlarda artıq bir neçə mühüm beynəlxalq tədbirin keçirildiyini, tarixi Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşününün önəminə toxunub. Sözsüz ki, ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi da olduqca önəmli idi. Bu gün işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Ermənistanın 30 illik işğal dövrünün qaranlıq səhifəsi qapadılır və bu torpaqların əsl sahibləri burada xariqələr yaradır”.
Deputat bildirib ki, ölkə başçısının çıxışında qeyd etdiyi kimi Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan və qəbul edilən ərazi bütövlüyünü pozmaqla yanşı bu işğalı əbədiləşdirməyə və edilən bütün çağırışları qulaq ardına vurmağa çalışırdı: “2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmiş. 68 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi. Cənab Prezident bu faktları bir daha Zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırmaqla əsl həqiqətlərin nədən ibarət olduğunu bir daha nümayiş etdirmiş oldu”.
Məlahət İbrahimqızı vurğulayıb ki, Zirvə görüşündə dövlətimizin başçısının toxunduğu digər məsələlərdən bir də mina mövzusu ilə bağlı idi: “Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu gün isə Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. İndiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin eedilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Bu xüsusda sözsüz ki, Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini vurğulayıb. Təbii ki, bu qətnamə ilə yanaşı, Nazirlər Şurasının yekunlarına dair “İstanbul Bəyannaməsi”ndə indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Cənab Prezident də çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb”.
Millət vəkili Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal rolundan bəhs edib: “Ölkəmiz ECO çərçivəsində geosiyasi və iqtisadi baxımdan aparıcı mövqeyə malikdir. Məhz Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr ECO dövlətlərinin iştirakı ilə reallaşdırlır. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhalinin yaşaması həm də onun böyük potensialından xəbər verir. Artıq təşkilata üzvlər arasındakı illik ticarət dövriyyəsinin 76 milyard dollara çatıb. Təbii ki, Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul olunması fonunda ECO-nun 17-ci Zirvə görüşünün ölkəmizdə keçirilməsi yüksək etimadın göstəricisidir”.
Milli Məclisin deputatı Məlahət İbrahimqızı