Əfqanıstan Müdafiə Nazirliyi ölkənin hava qüvvələrinin Pakistanın müxtəlif bölgələrinə “cavab xarakterli” hava zərbələri endirdiyini açıqlayıb. Məlumat TOLOnews tərəfindən paylaşılıb.
Bildirilib ki, zərbələr yerli vaxtla saat 11:00-da həyata keçirilib. Hədəflər arasında Faisalabad yaxınlığındakı hərbi düşərgə, Nowshera şəhərindəki ordu kazarması, eləcə də Jamrud və Abbottabad bölgələri göstərilib. Nazirlik hücumların Pakistanın hərbi mərkəzləri və obyektlərinə yönəldiyini bildirib.
Hava zərbələri ilə bağlı hələlik ölən və yaralananların sayı açıqlanmayıb.
Bundan əvvəl Pakistanın həyata keçirdiyi əməliyyatlar nəticəsində Əfqanıstan tərəfdən 133 nəfərin öldüyü, 200-dən çox şəxsin yaralandığı iddia olunmuşdu. Əfqanıstanın cavab əməliyyatlarında isə 55 Pakistan hərbçisinin öldürüldüyü, 23 hərbçinin meyitinin və çoxlu sayda silahın ələ keçirildiyi irəli sürülüb.
Əfqanıstan–Pakistan gərginliyi
Pakistan İnformasiya Nazirliyi ölkədə baş verən son partlayışlardan sonra sərhəd xətti boyunca “terror düşərgəsi” adlandırdığı 7 nöqtəyə zərbə endirdiyini açıqlamışdı. Əfqanıstan Müdafiə Nazirliyi isə buna “uyğun zamanda adekvat və ölçülü cavab” veriləcəyini bəyan etmişdi.
Əfqanıstan Qızıl Aypara Cəmiyyəti Pakistanın hücumları nəticəsində 18 nəfərin həyatını itirdiyini və çox sayda yaralının olduğunu bildirmişdi.
Pakistanın daxili işlər üzrə dövlət naziri Talal Chaudhry sərhəd boyunca keçirilən əməliyyatlarda təxminən 70 “terrorçunun zərərsizləşdirildiyini” açıqlayıb.
Rəsmi Kabil isə Pakistanın hədəf aldığı məntəqələrlə bağlı etiraz notası təqdim edib.
İslamabadın gözləntiləri
Pakistan 2021-ci ildə Taliban hakimiyyəti ələ keçirdikdən sonra yeni Əfqanıstan rəhbərliyindən Tehrik-i-Taliban Pakistan (TTP) məsələsində ciddi tədbirlər görməyi tələb edir.
İslamabad TTP-nin Əfqanıstan ərazisində mövqe tutduğunu və Pakistan daxilində çoxsaylı hücumlar həyata keçirdiyini bildirir. Əfqanıstan rəhbərliyi isə TTP-nin ölkə ərazisində fəaliyyət göstərmədiyini iddia edir.
Qeyd edilir ki, TTP iki ölkə arasında Britaniya müstəmləkə dövründə müəyyən edilmiş və faktiki sərhəd funksiyası daşıyan Durand Line boyunca yerləşən tayfa bölgələrində fəaldır.
Mənbə: TrtHaber
