Ekspert deyir ki, kondisionerin daxilindəki rütubətli mühit kif əmələ gəlməsinə şərait yaradır. Kondisionerlərə düzgün qulluq edilmədikdə nəinki xoşagəlməz kif qoxusu yayıla bilər, həm də ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Bu barədə RT-yə müsahibəsində ROSBIO TECH Universitetinin sənaye mühəndisliyi kafedrasının dosenti və Dantex tədris mərkəzinin rəhbəri Vyaçeslav Motin danışıb. Onun sözlərinə görə, kondisionerin daxilindəki rütubətli mühit kiflərin, xüsusən Aspergillus və Cladosporium kimi növlərin, həmçinin bakteriyaların, o cümlədən Legionellanın inkişafına şərait yaradır. Bu mikroorqanizmlər hava ilə yayılaraq allergik reaksiyalara, astma tutmalarına, tənəffüs yollarının infeksiyalarına və hətta ağır pnevmoniyaya səbəb olur. Yuyulmamış kondisioner sistemlərində aktiv şəkildə çoxalan Legionella pneumophila bakteriyaları xüsusilə təhlükəlidir. Onun fikrincə, yaşlılar və siqaret çəkənlər risk altındadır. Motin vurğulayıb ki, çirkli havanın daimi inhalyasiyası baş ağrısı, selikli qişaların qıcıqlanması və xroniki yorğunluq kimi əlamətlərə səbəb ola bilər. İmmuniteti zəif olan uşaqlar və insanlar bu cür təsirlərə xüsusilə kəskin reaksiya verirlər. Ekspert onu da əlavə edib ki, sadə qaydalara riayət etməklə mənfi nəticələrin qarşısını almaq olar: filtrləri mütəmadi olaraq yumaq (təxminən iki-üç həftədə bir dəfə), xüsusi mikrob əleyhinə vasitələrdən istifadə etmək və otaqda rütubət səviyyəsinə nəzarət etmək lazımdır. Kondisionerlər üçün xüsusi antimikrob spreylərdən istifadə edin. Rütubəti azaltmaq üçün otağı havalandırın. İldə bir və ya iki dəfə sistemin dərin təmizlənməsi üçün mütəxəssisləri çağırmaq lazımdır. Kondisioner düşmən deyil, lakin lazımi qayğı olmadan təhlükəli mikroorqanizmlər üçün çoxalma meydanına çevrilir. Sistemin gigiyenası təhlükəsiz sərinliyin açarıdır”, – deyə ekspert yekunlaşdırıb.
Mənbə: mail.ru