Bugun.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpinin sentyabr ayında Hindistanda keçiriləcək BRİKS sammiti çərçivəsində görüşü zamanı Mərkəzi Asiya, beynəlxalq nəqliyyat dəhlizləri və regionun təhlükəsizliyi məsələlərinin müzakirə oluna biləcəyi bildirilir.
Bu barədə NEWS.ru-ya hərbi politoloq, Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət İdarəçilik Akademiyasının siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti Aleksandr Perenciyev danışıb.
Ekspertin fikrincə, Moskva və Pekinin diqqət yetirəcəyi əsas məsələlərdən biri beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsizliyi ola bilər. O, söhbətin həm quru, həm də dəniz marşrutlarından gedəcəyini bildirib.
Perenciyev Mərkəzi Asiyanın da görüşün mümkün gündəliyində mühüm yer tutacağını düşünür. Onun sözlərinə görə, region uğrunda rəqabət son illərdə geosiyasi mübarizədən iqtisadi rəqabətə doğru dəyişib.
Ekspert xüsusilə Qazaxıstan ərazisindən keçən və Rusiya, Çin və Hindistanı birləşdirən nəqliyyat marşrutlarına, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna diqqət çəkib.
Onun fikrincə, sammitdə Xəzər dənizinin və Xəzəryanı ölkələrin təhlükəsizliyi də müzakirə mövzularından biri ola bilər.
Bundan başqa, Perenciyev Putin və Si Cinpinin Yaxın Şərqdəki vəziyyət barədə fikir mübadiləsi aparacağını ehtimal edir.
BRİKS sammitinin 12 sentyabrda Yeni Dehlidə başlaması və iki gün davam etməsi planlaşdırılır. Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Putinin sammitdə iştirak edəcəyinə ümid etdiyini bildirib.
Mənbə: NEWS.ru
