Fransa Prezidenti Emmanuel Makronun avqustun 6-da Baş nazir Fransua Bayrouya ünvanladığı məktub Paris və Əlcəzair arasında diplomatik gərginliyi daha da artırdı. Fransanın dövlət başçısı bu sənəddə Əlcəzair diplomatları üçün vizasız rejimin dayandırılmasını tələb etməklə, münasibətlərdə yeni bir sərtlik mərhələsinə keçdiyini nümayiş etdirdi.
Bugun.tv xəbər verir ki, bu addıma cavab olaraq Əlcəzair Xarici İşlər Nazirliyi (XİN) rəsmi bəyanat yayaraq, Fransanı böhranın əsas səbəbkarı kimi göstərdi və öz mövqeyini aydın şəkildə ortaya qoydu.
Əlcəzair diplomatiyası bəyan edir ki, Makronun məktubunda Fransa öz məsuliyyətindən tam şəkildə yayınaraq bütün günahı Əlcəzairin üzərinə atır. “Bu, nə həqiqətə, nə də reallığa uyğundur,” – deyə nazirlik bildirir. Əlcəzair tərəfi vurğulayır ki, yaranmış hər bir diplomatik gərginlik mərhələsində onların addımları beynəlxalq hüquqa və “qarşılıqlılıq prinsipinə” uyğun olub.
XİN-in bəyanatında, həmçinin qeyd olunur ki, Fransa özünü ikitərəfli və beynəlxalq öhdəliklərə riayət edən dövlət kimi təqdim etməyə çalışsa da, əslində, 1968-ci, 1974-cü və 2013-cü illərdə imzalanmış Fransa-Əlcəzair sazişlərini pozan tərəf məhz Fransadır.
Əlcəzair qəti şəkildə bəyan edir ki, ölkə heç bir formada təzyiqə, hədə-qorxuya və ya şantaja boyun əyməyəcək. Nazirliyin fikrincə, Fransanın məqsədi qanuni əsas olmadan Əlcəzair vətəndaşlarını ölkədən çıxarmaq və onların hüquqi müdafiə imkanlarını məhdudlaşdırmaq olub. Bəyanatda qeyd olunur ki, Fransa ilk gündən böhranı “güc münasibətləri” formatında idarə edib – göstərişlər, ultimatumlar və birtərəfli tələblərlə. Bu isə ikitərəfli münasibətlərə zərbə vurur.
Mənbə: AZƏRTAC