“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi BMT-nin Qadınlara qarşı zorakılığa son qoymaq üçün Etimad Fondunun (UN Trust Fund to End Violence against Women) maliyyə dəstəyi ilə “Bakı şəhəri, Gəncə şəhəri və Quba-Xaçmaz bölgəsində əlilliyi olan qadın və qızların ictimai xidmətlərə çıxışının təkmilləşdirilməsi” layihəsinin icrasını uğurla davam etdirir.Bugun.tv -xəbər verir ki, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi tərəfindən əlilliyi olan qadın və qızlara, o cümlədən onların əhatəsində olan icma üzvülərinə seminar təşkil edib.Tədbirdə “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyi sədri Məhluqə Rəhimova seminarın məqsədi, layihənin uğurlu strategiyası haqqında iştirakçılara geniş məlumat verib. “Məqsədimiz əlillyi olan qadın və qızlara qarşı ictimai yerlərdə münasibət və davranış problemlərinə və zorakılığa dair və onların yaşadığı icmaları tərəfindən dəstəklənməsinin vacibliyi ilə bağlı yerli icma üzvləri ilə görüşmək və diskriminasiya hallarının aradan qaldırılması yollarını müzakirə etmək, həllinə nail olmaqdır”.
Seminar gün ərzində layihə üzrə təlimçi İradə Rizazadə tərəfindən həyata keçirilib. O, bildirib ki, əlilliyi olan qadınlar arasında pozitivliyin yaranması, həyata baxışların dəyişməsi üçün əlavə könüllülər də cəlb olunub. Əlilliyi olan qadın və qızların sahibkarlıq istiqamətində maraqlı olmaları seminarda daha çox fəallıq yaradıb. Təlimçi İradə Rizazadə tərəfindən seminarda əsas istiqamət olan əlillik və cəmiyyətdə əlillik haqqında stereotiplər və səhv davranışlar haqqında məlumat verilib. “Əlilliyi olan qadınlar və qızlar tərəfindən maraqlı təkliflər irəli sürüldü, daha çox qarşılaşdıqları problemlərin həllində dəstək istiqamətləri gündəmə gətirildi. Həyata keçirlən layihənin dəstəyi ilə bu sahədə görülən və görüləcək işlərin vacibliyi, həlli yolları haqqında müzakirələr aparıldı. Əlilliyi olan qadınların və qızların cəmiyyətdə, ailədə, ifrastruktur çətinliklərində yaşadığı ailələrdə qarşılaşdığı problemlər haqqında danışıldı. Onların hüquqlarının təmini, bu sahədə dəstəyin verilməsinin önəmi vurğulandı”, – deyə, İ.Rizazadə bildirib.
Sonra iştirakçılara tərəfdaş “SENİ” şirkəti tərəfindən hədiyyələr təqdim edilib.
Qeyd edək ki, layihə Bakı, Gəncə şəhərləri və Quba, Qusar, Xaçmaz rayonlarını əhatə edir və sentyabr 2022 – avqust 2025 (cəmi 36 ay) müddəti ərzində icra olunacaq.
Qadınlara qarşı zorakılığa son qoymaq üçün BMT-nin Etimad Fondu (UN Trust Fund to End Violence against Women) eksklüziv olaraq qadınlara və qızlara qarşı zorakılığın bütün formalarının həllinə həsr olunmuş yeganə qlobal qrant vermə mexanizmdir.