Bugun.tv – yə daxil olan məlumata əsasən, Elm və Təhsil Nazirliyinin Aparatının və tabeliyində olan qurumların əməkdaşları üçün “İnsan hüquqları sahəsində beynəlxalq, regional və milli qanunvericilik aktlarının tətbiqi” mövzusunda təlim təşkil olunub.
Təlimdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Əhali qruplarının hüquqları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Aynur Həmidova çıxış edərək dövlət qulluqçularının insan hüquqları sahəsində biliklərinin artırılmasının və beynəlxalq insan hüquqları standartlarının gündəlik xidməti fəaliyyətə tətbiqinin vacibliyini vurğulayıb.

Bildirilib ki, insan hüquqlarına əsaslanan yanaşma dövlət idarəçiliyində şəffaflığın, hesabatlılığın və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir.

Tədbirdə Ombudsman Aparatında şöbə müdirinin müavini – İqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri Adil Eyvazov tərəfindən iqtisadi, sosial və mədəni hüquqlar, o cümlədən təhsil hüququnun beynəlxalq və milli hüquqi mexanizmlər əsasında təmin olunması məsələlərinə dair çıxış edilib.


Təlimçi qismində Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov və sektorun baş məsləhətçisi Aydan Talıbova tərəfindən insan hüquqları anlayışı və əsas prinsiplər, Ombudsman institutunun mandatı, BMT sistemində insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklər və bu standartların dövlət qulluğunda praktik tətbiqi barədə geniş təqdimatlar keçirilib.
İnteraktiv formatda təşkil olunan təlimdə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.


