“Azərbaycan-Ermənistan XİN rəhbərləri görüşüb sülh müqaviləsini təqdim etdikdən sonra iki ölkə lideri səviyyəsində görüş keçirilə bilər. Bu isə güman edirəm ki, gələn ilə qalacaq”.
Bunu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün atılan addımlar fonunda yaxın perspektivdə baş verəcək prosesləri şərh edən politoloq Elşad Həsənov Bugun.tv-yə açıqlamasında deyib.
O, bildirib ki, Türkmənbaşı şəhərində keçirilən görüşdə həm də Azərbaycan-Ermənistan münasibətlərinə də toxunulub: “Keçirilən üçtərəfli görüşdə Türkiyə, Azərbaycan və Türkmənistan arasında münasibətlərin müsbət yöndə inkişaf etdirilməsi ilə yanaşı Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələsinə də nəzər yetirilib. Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov çıxışında Ermənistana sülh müqaviləsinin təqdim oluduğunu bildirib. Lakin Ermənistan danışıqlar prosesinin sabotaj edilməsində maraqlıdır və sülhə əngəl olmaq üçün çoxsaylı addım atır”.
Azərbaycan ərazilərində ermənilər tərəfindən yerləşdirilən minalar məsələsinə toxunan politoloq qeyd edib: “Ərazimizdə yerləşdirilən minalar neçə-neçə vətəndaşımızın ölümünə, xəsarət almasına səbəb olub. Ermənistanın bu addımı tamamilə sülhə əngəl yaratmaq üçün atılır. Azərbaycan sülhü təmin etmək üçün müqavilə şərtləri hazırlayaraq Ermənistana təhvil verib. İlin sonuna qədər Azərbaycan-Ermənistan XİN rəhbərləri görüşüb müqavilə ətrafında yenidən danışıqlar masasına oturacaq”.
Sülh müqaviləsinin imzalanma tarixinə toxunan politoloq əlavə edib: “İlin sonuna qədər sülh müqaviləsinin imzalanması planlaşdırılmışdı. Ermənistanın apardığı qeyri-konstruktiv işlər səbəbindən sülh müqaviləsinin ilin sonuna qədər imzalanması artıq real deyil. Azərbaycan-Ermənistan XİN rəhbəri görüşüb sülh müqaviləsini təqdim etdikdən sonra iki ölkə lideri səviyyəsində görüş keçirilə bilər. Bu isə güman edirəm ki, gələn ilə qalacaq”.