Bugun.tv– yə daxil olan məlumata əsasən, Millət vəkili Ceyhun Məmmədov Zirvə Gənclərin İnkişaf Klubu və Gənclərin səsi Könüllü Platformasının üzvləri ilə birlikdə “Erkən nikah və qohum evliliklərinin yaratdığı fəsadlar” mövzusunda növbəti maarifləndirici tədbirdə iştirak edib.
Deputat bu barədə öz sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, bu dəfə “Ailə Dəyərləri” layihəsi çərçivəsində keçirilən növbəti görüş Xaçmaz şəhəri Tarix Diyarşünaslıq muzeyində baş tutub.
“Tədbirdə cəmiyyət üçün aktual olan bu mövzu ətrafında geniş və elmi əsaslara söykənən fikir mübadiləsi aparılıb.
Çıxışımda erkən nikahların və qohum evliliklərinin təkcə fərdi həyatlara deyil, bütövlükdə cəmiyyətin inkişafına göstərdiyi mənfi təsirlərdən, bu halların təhsilə, psixoloji sağlamlığa və sosial rifaha vurduğu zərərlərdən bəhs etdim.
Bu cür tədbirlərin regionlarda keçirilməsi, yerli əhali ilə birbaşa təmasda maarifləndirici fəaliyyətlərin aparılması xüsusilə önəmlidir.
Müxtəlif sahələri təmsil edən mütəxəssislərin – klinik və uşaq psixoloqlarının, təhsil ekspertlərinin iştirakı ilə keçirilən bu tədbir geniş auditoriyaya dəyərli məlumatlar çatdırmaqla yanaşı, bir çox suallara da cavab oldu.
Həmçinin, tədbirdən öncə gənclərlə birlikdə Azərbaycanın zəngin tarixini, milli-mənəvi dəyərlərini özündə əks etdirən muzeyin eksponatlari ilə yaxından tanış olduq.
Təşkilatçılara və tədbirdə iştirak edən hər kəsə təşəkkür edirəm. Ailə institutunun möhkəmləndirilməsi və gələcək nəsillərin sağlam formalaşması naminə bu cür təşəbbüslərin davamlı olacağına inanıram”.