7 C
Baku
4 Dekabr 2024, 22:46
Baş xəbər

Ermənistan azərbaycanlılara qarşı zorakılıq törədib – AÇIQLAMA

Azərbaycan Baş Prokurorluğu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərlə bağlı geniş açıqlama yayıb.

Bildirilir ki, Ermənistan tərəfindən həyata keçirilən son deportasiya zamanı 216 azərbaycanlı amansız şəkildə qətlə yetirilib, 6 522 nəfər isə zərərçəkmiş şəxs kimi qeydə alınıb. Prokurorluğun məlumatına görə, deportasiya dövründə azərbaycanlılara qarşı sistemli şəkildə kütləvi hüquq pozuntuları, zorakılıq və cinayət əməlləri törədilib.

Baş Prokurorluq bu cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması və hüquqi qiymət verilməsi istiqamətində ciddi tədbirlər həyata keçirir. Hazırda bu məsələ ilə bağlı araşdırmalar davam edir və toplanan materialların hüquqi müstəvidə təqdim olunması planlaşdırılır.

Məsələ ilə bağlı Bugun.tv-yə danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətlərin miqyasına və xarakterinə toxunaraq bunları bildirib:

“1987-1991-ci illərdə Qarabağda azərbaycanlılara qarşı sistemli etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Bu illər ərzində yüzlərlə azərbaycanlı qətlə yetirilmiş, minlərlə insan öz doğma yurdlarından zorla çıxarılmışdır. Bu proseslər həm insanlığa qarşı cinayət, həm də beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Bu cinayətlərin cəzasız qalmaması üçün hüquqi müstəvidə ardıcıl və təsirli addımlar atılmalıdır”.

Deputat əlavə edib ki, bu məsələnin iki mühüm tərəfi var:

“Birincisi, 30 illik işğal dövründə azərbaycanlılara, onların əmlakına, tarixi və dini abidələrinə qarşı törədilən cinayətlər yalnız bir kateqoriya üzrə deyil, müxtəlif qanun maddələri ilə qiymətləndirilməlidir. Hər bir cinayət öz xarakterinə uyğun şəkildə hüquqi məsuliyyət doğurur. İkincisi isə, bu cinayətlərin həllində mülki yanaşma ilə hərbi cinayətkarların tribunal vasitəsilə cəzalandırılması arasında fərqlər var. Hərbi cinayətkarların tribunal yolu ilə məsuliyyətə cəlb edilməsi Balkan müharibələri zamanı tətbiq edilmiş model əsasında həyata keçirilə bilər”.

Hikmət Babaoğlu həmçinin beynəlxalq hüquq çərçivəsində mümkün mexanizmlərə diqqət çəkərək bildirib:

“Beynəlxalq Cinayət Məhkəməsi bu kimi cinayətlərin araşdırılmasında mühüm rol oynaya bilər. Eləcə də, Ermənistanın siyasi mövqeyindən asılı olmayaraq, müəyyən cinayətkarların Ermənistan ərazisində saxlanılaraq Azərbaycanın qanunlarına uyğun cəzalandırılması mümkündür. Bu məsələlər hərtərəfli şəkildə nəzərdən keçirilməli və Azərbaycan hüquqi sistemində bu istiqamətdə konkret addımlar atılmalıdır”.

Baş Prokurorluq isə açıqlamasında vurğulayıb ki, cinayətkarların cəzasız qalmaması üçün bütün mümkün hüquqi və diplomatik mexanizmlərdən istifadə olunacaq. Eyni zamanda, beynəlxalq ictimaiyyətin bu cinayətlər haqqında məlumatlandırılması məqsədilə genişmiqyaslı işlər aparılır. Ermənistanın törətdiyi cinayətlərin hüquqi qiymət alması və ədalətin bərpası üçün müvafiq tədbirlər davam etdirilir.

Aynur Camal

Oxşar xəbərlər

Yaponiyada dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 62-yə çatdı

İntizar Əmirova

İkinci Dünya Müharibəsindən qalma bomba tapılıb

Aynur Camal

Azərbaycanlıların Soqırımı günü Qubada da qeyd olunub

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu