Bugun.tv xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə Ermənistanda keçiriləcək parlament seçkiləri və müxalifətin vəziyyəti ilə bağlı paylaşım edib.
Ekspert bildirib ki, seçkilərə Rusiya vətəndaşı, oliqarx Samvel Karapetyan iştirak edəcək, lakin hazırda onun Ermənistanda baş nazir olmaq potensialı yoxdur.
Məhəmməd Əsədullazadə qeyd edib ki, Rusiya ölkədə N. Paşinyanın alternativi ola biləcək iki namizəd – S. Karapetyan və eks-prezident R. Koçaryan arasında seçim etməyə çalışır. Lakin ekspertin sözlərinə görə, hər ikisi güclü lider sayılmır və N. Paşinyan kənara çəkilsə belə, S. Karapetyanın R. Koçaryana qalib gəlmək ehtimalı yüksəkdir.
Ekspert vurğulayıb ki, N. Paşinyana qarşı olan müxalifət ayrı-ayrı seçkilərə qatıldığı üçün Paşinyanın mövqeyi kifayət qədər güclüdür. O, əlavə edib ki, N. Paşinyanın Azərbaycanla normal münasibətlər qurması və sülh gündəliyini təbliğ etməsi onun seçilməsində əsas amillərdən olacaq. S. Karapetyan və R. Koçaryan isə Azərbaycanla sülh gündəliyinə qarşıdır, onların “bərabər, ləyaqətli sülh” anlayışı isə əslində Qarabağ məsələsini gündəmə gətirməyə xidmət edir.
Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ, Türkiyə və Azərbaycan Ermənistanda Rusiyanın təsirini artırmasına imkan verməyəcək və regionda sabitliyin qorunması prioritet olaraq qalır.

