Paytaxtın bəzi küçələrdə eskalatorlar yararsız haldadı. Bu isə vətəndaşlar üçün çətinliklər yaradır. Bəs, problem nə zaman aradan qalxacaq?
Bugun.tv xəbər verir ki, Səbail rayonu, Adil İsgəndərov küçəsində yerləşən eskalatorlar da işləmir. Ərazidə vəziyyət ürəkaçan deyil. Bu da vətəndaşların haqlı narazılığına səbəb olur. “Yaşlı var, qoca var, əlili var, çıxmaq-düşmək çətindir. Cavanlar bir qırağa əslində düzəlməlidir, işləməlidir. Amma qocalar uşaqlı qadınlar qalxıb düşməkdə çətinlik çəkir”.
Vəziyyətdən turistlər də narazıdırlar. “Təklif edərdim ki, kimsə bunu təmir eləsin. Turist kimi gəzirik bütün günü. Eskalatordan istifadə bizim rahatlığımızı təmin edir”. “Bu turistlər və yaşlılar üçün rahat deyil, ümumiyyətlə hər kəs üçün. Kimsə bunu düzəltməlidir”.
Metronun Sahil stansiyasının çıxışında, Bülbül prospektindəki yeraltı keçiddə olan eskalatorlar da sıradan çıxıb.
Problemlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən də mövqe öyrəndik. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin sözlərinə görə, həmin ərazilərlə bağlı artıq işlərə başlanılıb. Ehtiyat hissələrinin sifariş verilməsi istiqamətində də işlər aparılır. “Ümid edirik ki, yaxın müddət ərazində həmin eskalatorlar da işlək vəziyyətə salınaraq vətəndaşların istifadəsinə veriləcək”.
İnsanların rahatlığının təmin olunması üçün eskalatorlar mütəmadi nəzarətdə saxlanılmalıdır. Hazırkı vəziyyətdə isə problem var və həlli vacibdir.