Heyvanlar bizim ən sadiq dostlarımızdır. Hər zaman qayğıya ehtiyac duyan sevimli canlıların qidalanmalarına xüsusi diqqət etmək lazımdır.
Araşdırmalara görə, ev heyvanı saxlayan insanlar stres və gərginlikdən uzaq olurlar. Çünki bu sadiq dostlar gün ərzində bizi bir dəfə də olsa, güldürə bilirlər.
Mövzu ilə bağlı heyvansevər Əsmər Rüstəmova Bugun.tv-yə danışıb.
“İtimin adı Heradır. O mənim dostuma çevrilib. Sanki mənim hisslərimi başa düşür və buna uyğun davranır. Çox maraqlıdır ki, ətrafımda çox insanlar var. Amma Heranın yeri tam başqadır, çünki o məni sakitləşdirir. Onunla mən ünsiyyətdə olanda, ruhum dincəlir. Düzdür, bəzi hallarda deyirlər ki, itlərin şüurları olmur, mən bu fikirlə razı deyiləm. Sadəcə olaraq, onların fərqli dünyası olur. Bəlkə də bu mənə belə gəlir. Heyvan olmağına baxmayaraq, mənimlə sevinməyi, üzülməyi, darıxmamağım üçün oyuncaqları yanıma gətirməyi çox maraqlı bir hissdir. Heranın sağlamlığı mənim üçün çox önəmlidir. Bunun üçün ilk növbədə onun düzgün qidalanmasını təmin etməliyəm.İlk zamanlar mən də necə düzgün qidalandırmaq lazımdır, bilmirdim. Bəzi hallarda öz yeməyimdən verirdim. Amma zamanla onun bədənindən, ağzından qoxular gəlməyə başladı. Göz ətrafına çirkli sular yığılırdı. Hera alınma yeməkləri sevmədiyinə görə kaloriti ödəmək üçün mən ona malın baş ətini aldım. Bununla bərabər, yeməyinə noxud, qarabaşaq, yumru düyü, bulqur əlavə edirdim”
Mütəxəssislər isə bildirir ki, saxladığımız ev heyvanının qidalanması onun yaşına, fizioloji vəziyyətinə görə müəyyən edilməlidir. Öncəliklə heyvana sahibləndiyimiz zaman biz həkimə yaxınlaşmalıyıq. Müayinəndən sonra həkim ona qida təyin etməlidir. Bunun əsasında qidalandırmaq lazımdır. Çünki həkim məsləhəti olmadan verilən yeməklərdə hər hansı bir xəstəlik ola bilər. İshal, allergiya yarana bilər. Yaxşı olar ki, qidalanmada zoo mağazalarda satılan yeməklərdən istifadə olunsun. Çünki bu qidalarda minerallar, vitaminlər, proteinlər orqanizmə lazımi dərəcədə olur. Bəzi ev heyvanlarının satışda olan yeməkləri sevməməsi isə vərdişdən irəli gəlir. Ev şəraitində hazırladığımız qidaları bizim ağız dadımıza uyğun bişiririk, heyvanlara isə bu olmaz. Yağlı, duzlu, piyli, istiotlu yeməklər heyvanlara əks təsir göstərə bilər. Öz damaq dadımıza uyğun yeməklər versək, onlarda bir çox xəstəlikər yarana bilər. Əsasən də mədə- bağırsaq xəstəlikləri. Ev şəraitində itlərə hazırlanan yeməklər də ola bilər ki, qaynadanda içinə yerkökü, çuğundur, kələm əlavə etmək olar.
Sevimli dostlarımızın sağlamlığını qorumaq, bizim üçün önəmlidir. Çünki onlarla ən çox ünsiyyətdə olan da elə bizik. Buna görə də ev heyvanlarına qayğı göstərməliyik.