İnsan təbiətinin öyrənilməsi, əxlaqi dəyərlərin mənimsədilməsi bütün dövrlərdə aktual olmuşdur. Bu problemin həlli üçün yönəldilmiş minlərlə zəka məhsullarına, fikir materiallarına rast gəlirik. Lakin hər yeni dövrdə də ciddi çatışmazlıqlar, natamamlıqlar özünü göstərir. Ona görə də bu məsələyə dönə-dönə qayıtmalı oluruq.
Nəzərə almalıyıq ki, əxlaqi dəyərlərin aşılanmasında, təbliğində təhsil müəssisələrinin, elm ocaqlarının fəaliyyəti danılmazdır, deməli əsas məsuliyyət, necə deyərlər yük müəllimlərin çiyninə düşür.
Müəllim həmişə axtaran varlıqdır. Sanki, o, axtarışlarını dayandırsa, sahib olduğu ülvüliklər zirvəsindən aşağı, adi insanlar səviyyəsinə enər. Tapanda da, tapmayanda da axtarmaq, elmin, tərbiyyənin daha dərinliklərinə enmək, öz zəka nuru ilə zülmətləri işıqlandırmaq – müəllimə nəsib olan yeganə yol belədir.
“Əbədi, ümumbəşəri əxlaq problemlərindən biri də nəyin yaxşı, nəyin pis olduğunu ayırd etməkdir”.
Məgər bütün əfsanələr, miflər, rəvayətlər bu problem ətrafında dolaşmamışmı? Məgər bütün dinlər bu problemin həllinə yönəlməmişdimi? Məgər bütün şairlər, yazıçılar öz əsərlərində fəziləti tərənnüm edib, qəbahəti, rəzaləti pisləməmişlərmi? Məgər bütün əxlaq nəzəriyyəçiləri bu suallara cavab vermək üçün əxlaq sistemləri yaratmamışlarmı?
Yaxşı, bəs onda niyə bu gün təhsil mühitində bu qədər xoşagəlməz hadisələr baş verir. Niyə bəzi gənclərimiz avropalaşmağa üstünlük verərək milli dəyərlərimizi unudurlar?
Bəli, buradan belə nəticəyə gəlirik ki, əsl tərbiyə nümunədir. Yəni, müəllim, valideyn nümunəvi olmalıdır ki, hansısa əxlaqi dəyərləri aşılaya bilsin.
Məşhur fransız əxlaq nəzəriyyəçisi Pol Anri Holbax vətənpərvərliyi və insanpərvərliyi mühüm əxlaqi borc hesab edirdi. Onun fikrincə yalnız əxlaqı düzgün olan insanlar cəmiyyətə xeyir verə bilər, çünki onlarda şərəf və ləyaqət duyğusu daha çoxdur.
İnsan anadan xeyirxah, vətənpərvər, insanpərvər, ləyaqətli doğulmur. Onu yaşadığı mühit, aldığı tərbiyə bir də zaman yetişdirir.
Bu gün müasir gənclərin mənlik duyğusuna – öz ləyaqətinə, şəxsiyyətinə hörmət, elinə, vətəninə, torpağına sədaqət duyğusuna daha çox ehtiyacları var. Özünə hörmət edən şəxs həm danışığına, geyiminə, oturuşuna cavabdeh olmalıdır. Bu gün bəzi müəllimlər məktəbə, təhsil ocaqlarına yararsız geyimlərdə gəlirlər. Hələ tələbələrin, şagirdlərin, çox üzr istəyirəm yarıçılpaq köynəkləri, oğlanların ayaqlarındakı ayaqqabı əvəzinə tərlik, qızların yaşıl, çəhrayı, qırmızı saç boyaları… daha nələr, nələr…
Necə oldu ki, milli dəyərlərimizi bu qədər itirdik? Nə baş verdi ki, bu hallara gəlib çatdıq?
Yenə də mən bu işdə nümunə ola bilməyən müəllimləri günahlandırıram. Qısa bir haşiyəyə çıxmaq istəyirəm. İkinci növbə dərsləri bitdikdən sonra evə tələsirəm. Dəhlizdə asılmış güzgü üstündə davadır. Qızlar biri-birini itələyərək dodaq boyası çəkən kim, göz qarası çəkən kim, saç darayan kim. Kənarda da üç nəfər gözətçi var, kişi xeylağı. Düzdür, qız uşaqları, ümumiyyətlə qadınların baxımlı olmasının heç də əleyhinə deyiləm,amma…. Hər şeyin öz yeri var.
Axı biz belə tərbiyə almamışdıq! Müəllimin, atanın, qardaşın, böyüklərin yanında bəzənmək bizə yasaq edilmişdi. Niyə? Cavabı çox bəsitdir. Ata, qardaş sənin özünə bəzək düzək verməyini görməsinlər. Yəni artıq sən “kəkil” çıxartmısan fikrinə düşməsinlər. Əlbəttdə belə faktlar, hallar çox olur.
Nizam, intizam hər kəsin özü, cəmiyyət və bəşəriyyət qarşısında daşıdığı məsuliyyətin təcəssümüdür. İnsanın bir ömrü olduğu üçün onu nizamla, səliqə ilə, mümkün olduqca səhvlərsiz yaşamalıdır.
Əxlaqi dəyərlər içərisində xoş rəftar və gözəl ünsiyyət də mühüm yer tutur. Ünsiyyət, rəftar, davranış bir-biri ilə sıx bağlı anlayışlar olub, insan fəaliyyətinin əsas sahələrində özünü göstərir. İş yerində, ictimai yerdə xoş rəftar və davranış gözəlliyi hamı üçün zəruridir.
“Can deməklə candan can əskik olmaz. Məhəbbət artırar, mehriban eylər.”
Fikrimə bunu da əlavə edə bilərəm ki, əxlaq tərbiyəsində özünütərbiyə, öz hərəkətlərini təhlil edə bilmək və qiymətləndirməyin də rolu böyükdür. Əxlaqi nüfuz qazanmaq üçün isə etibara və təsir qüvvəsinə malik olamaq lazımdır.
Hər birimizə məlumdur ki, hər bir müəllim öz şagird və tələbələrinin yaddaşında, zehnində silinməz bir iz qoyub gedir.
Nəcəf bəy Vəzirov haqlı olaraq yazırdı ki, gənclərin mənəviyyatı muma bənzəyir, onu istənilən formaya salmaq isə tərbiyəçidən asılıdır. Buna görə də müəllimin əxlaqi dəyərlərə sahibliyi bütün ömür boyu bu və ya digər şəkildə təqlid obyekti olaraq qalır. Gənc adam çox vaxt sevdiyi müəllimini həyatı boyu təqlid edir. Buna görə də hər bir müəllim həm şagirdin, həm də tələbənin əxlaq tərbiyəsi üçün məsuliyyət daşımalıdır.
Bir dəfə qədim dövrün “əxlaq peyğəmbəri” hesab edilən Sokratdan soruşurlar :”İnsanda ən çox nəyi qiymətləndirirsən?”. “İnsaniyyəti” deyə filosof cavab verir. “Bunu necə baça düşək?” sualına isə “insana layiq keyfiyyətləri” deyə cavab verir.
Müəllif: Sədaqət Əsgərova – Filoloq, Azərbaycan Dövlət Pedaqoji Universtetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin Ana dili-Ədəbiyyat müəllimi.