10 C
Baku
13 Dekabr 2024, 0:38
Baş xəbər

AİB-nin sədri Eyyub Hüseynov, faktlar qarşısında “BİLMİRƏM” deməklə, vicdanını susdurdu!

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, faktlar və suallar qarşısında, sadəcə “BİLMİRƏM” deməklə, vicdanını susdurdu!

“Onu həmişə dürüst, haqqın tərəfində duran, vicdanlı, heç kimdən qorxmayan, çəkinməyən bir insan kimi tanımışdım, amma… Deyəsən, bu dəfə yanılmışdım…”

Söz önü

Əvvəlcə sizə media sözçüsü olduğum “Azestetik Group” MMC haqqında qısa məlumat verim. Təmsil etdiyim şirkət artıq 17 ildir ki, kosmetoloji avadanlıqların xaricdən ölkəyə gətirilib satışı və servisi sahəsində fəaliyyət göstərir. Ölkədə sahibkarlara yaradılan şəraitdən yararlanaraq iqtisadiyyatın inkişafına öz töhfəsini verir. Bununla yanaşı, öndə olan vergi ödəyicisidir. Düzdü, bu uğurları qazanmaq elə də asan başa gəlməyib. Çətinliklər də olub, amma ayaqda qalmağı bacarıb. Bəli, inkişaf olan yerdə rəqabət də olmalıdır və təbii ki, sağlam rəqabət…

Amma təəssüf ki, “Azestetik Group” son iki ildə digər rəqib şirkətlərdən birinin qara piarının hədəfindədir. Şər, böhtan, iftira, yalan və sair və ilaxır…

Bu, qəbul edilən olmasa da, başa düşüləndir. Çünki, paxıllıq, xəbislik, “torba tikənlik” uğuru həzm etməyənlərin xislətində həmişə olub. “Gücləri ancaq buna çatır”, – deyib, keçmişik. “Azestetik” şirkəti də belə düşünüb, belə edib – “bu da keçər” – deyib. Amma keçməyib. Bəzi media qurumları və cəmiyyətdə söz sahibi olan, nüfuzlu insanlar da bilərəkdən və yaxud bilməyərəkdən bu qara piarı başladanların məqsədləri üçün alət olublar. İctimaiyyətdə mənfi fikir yaratmaqla şirkətin fəaliyyətinə kölgə salmağa, bununla da kifayətlənməyib, onu gözdən salmağa çalışıblar. İşin ən pis tərəfi isə təəssüf ki, buna qismən nail ola biliblər…

Mətbuat konfransı zərurəti nədən doğdu?

Qeyd etdiyim kimi, son aylar müxtəlif mətbuat orqanlarında Azestetikə qarşı aparılan “qara piar əməliyyatı”na “dur” deməyin vaxtı çoxdan çatmışdı. Qara yaxmaq, kimisə nüfuzdan salmaq, yalan böhtan söyləmək “Azestetik Group” MMC-nin səviyyəsinə uyğun olmadığından onlar bu yalan ittihamlara hüquqi mütəvidə cavab verməyi doğru saydılar. Məhkəmə yolunu seçdilər. Aylarla, günlərlə səbr edib hakimlərin ədalətli qərarlarını gözlədilər. Ancaq “qarayaxma” kampanyası səngimək bilmədi. Bu kampaniyaya tanınmış şəxslər də qoşuldu. Bunlardan biri – Azad İstehlakçılar Birliyinin sədri, ictimaiyyət arasında az-çox özünə, sözünə güvənilir insan kimi tanınan Eyyub Hüseynov da heç bir araşdırma aparmadan, fakta əsaslanmadan, dövlət qurumlarından rəsmi cavab almadan, sadəcə kiçik sahibkardan daxil olan hansısa bir şikayət ərizəsinə istinad edərək, Nizamnaməsində göstərilən fəaliyyətə zidd mətbuatda və sosial şəbəkələrdə “Azestetik”i ittiham etməyə başladı. Beləliklə, Eyyub Hüseynovun məlum məqalədə bu şirkəti ölkəyə “saxta avadanlıq” gətirən, ona “qanunsuz çip” yerləşdirən, guya nasaz aparatlarla insanları “yandıran, öldürən, əzab-əziyyət verən”, qəsdən maliyyə cinayətlərinə yol verən bir şirkət kimi göstərməsi, böhtan xarakterli çıxışları iki illik qara piarın kuliminasiya nöqtəsi oldu. Bununla da, “Azestetik” şirkətinin səbr kasasını daşırdı. Çünki bu qara piar kampaniyasını başladanların, haradasa psxiloji problemlərinin olduğu inandırıcı gələ bilərdi, amma Eyyub Hüseynov kimi ictimai nüfüzlu birinə şübhə etməzdən əvvəl, özü ilə şəxsən görüşmək lazım idi. Belə də, oldu. Mənim vasitəmlə ilk belə görüşümüz 06 sentyabrda Azad İstehlakçılar Birliyinin (AİB) Dilarə Əliyeva küçəsində yerləşən təşkilatının ofisində oldu. Görüşdə şirkətin direktoru, vəkili və mən olmaqla dördümüz iştirak edirdik. Söhbət biraz gərgin başlasa da, E.Hüseynov həmin günü özü səmimi olaraq səsləndirdi ki, mətbuatdakı çıxışlarını şikayət məktubu əsasında edib. “Bu söz-söhbətlədən mən də bezmişəm. Mətbuat konfransı təşkil edək, bu məsələni birdəfəlik aradan qaldıraq, son qoyaq”, – söylədi. Lakin məşhur məsəli parafraz etsək, “Sən saydığını say, gör, Eyyub Hüseynov nə sayır”…

Jurnalistlərə hər zaman açıq olan “Azestetik Group” bu dəfə də onları bir araya toplayıb, həqiqətləri, faktlar və sübutlarla – qanunvericiliyə və məhkəmə qərarlarına istinadən göstərmək istədi. Mətbuat konfransına şirkəti hər addımda əsassız tənqid edən, ofisə basqın düzənləyən media qurumlarından tutmuş, yanlış olduğunu dərk edib sonradan məsələyə ikitərəfli mövqedən yanaşan jurnaistlərə kimi hər kəs dəvətli idi.

Eyyub Hüseynov faktlar qarşısında,sadəcə, susdu…

Mətbuat konfransını açıq elan edən “Azestetik Group” MMC-nin direktoru Rəşad Qasımov jutnalistləri salamladıqdan sonra bəzi mətbuat orqanlarının onlara qarşı birtərəfli mövqeyindən danışdı. Publika.az saytının 23 may 2024-cü il tarixli ““Azestetik”in azərbaycanlıları öldürən cihazları: çip də yerləşdiriblər” manşetli yazısında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun şirkətə qarşı əsassız iddialar irəli sürdüyünü bildirdi. AİB sədrinin və yazını dərc edən media qurumunun onlardan münasibət öyrənmədiyini, əsaslı araşdırma aparılmadığını vurğuladı. Bununla yanaşı, E.Hüseynovun bəzi youtube kanalında da eyni məzmunlu müsahibəsinin yayımlandığını, bu dəfə də şirkətin mövqeyinin həmin videomaterialda yer almadığını söylədi.

Qeyd edək ki, bu əsassız, şər və böhtan xarakterli məlumatların yayılmasından sonra “Azestetik” şirkətinin nüfuzuna ciddi xələl dəyib. Məhsulların satış göstəriciləri 60 faizə enib. Bu isə şirkət üçün böyük itkidir.

Bəli, E.Hüseynov sözügedən özəl qurumu Azərbaycana “saxta məhsullar”gətirməkdə, avadanlıqlara qanunsuz olaraq “cip yerləşdirmək”də, “maliyyə saxtakarlığı”na yol verməkdə ittiham edib, həm də əsassız, sübutsuz…

Media tv-nin baş redaktoru Xaliq Rəşidoğlu “saxta avadanlıq”la bağlı məsələyə aydınlıq gətirilməsi üçün Eyyub Hüseynova sual verdi:

– “Azestetik” şirkətinin xaricdən saxta avadanlıqlar gətirdiyini demisiniz. Bunu necə müəyyənləşdirdiniz? Saxtalığı sübut edən hansısa sənədiniz, ekspertiza rəyiniz varmı?”.

Bu suala AİB sədrinin cavabı belə oldu – “Mən bunu daxil olan şikayət əsasında demişəm”. E.Hüseynovun bu yanaşmasının məntiqsiz olduğunu jurnalistlər də gördülər. Dəyərli Eyyub müəllim, hər daxil olan şikayəti araşdırmadan mətbuatda yaymaq nə dərəcədə düzgündür? Siz bununla böyük bir şirkətin nüfuzuna xələl gətirdiyinizin fərqində deyilsinizmi? Görünür, bunun hüquqi məsuliyyətini də dərk etmək istəmirsiz….

Digər bir jurnalistin, “Avdanlıqların öldürdüyü, yandırdığı, əzab-əziyyət verdiyi iddiası ilə bağlı sizdə zərərçəkənlərin videogörüntüsü, şikayət ərizəsi necə, varmı?”, – sualına isə E.Hüseynov “Özümlə gətirməmişəm. Sonra göndərərəm”, – deməklə, kifayətləndi. Onun suala bu cür etinasız cavabı, jurnalistlərdə təəssüf doğurdu. Axı biz bura faktlarla danışmağa gəlmişdik, Eyyub müəllim.. Əgər sübutunuz yox idisə, “Azestetik” şirkətini bu cür ağır formada ittiham etməkdə məqsədiniz nə idi?

“Azestetik” şirkəti “çip” məsələsinə də aydınlıq gətirdi

Öncə onu bildirmək istərdim ki, “Azestetik” şikəti tibbi və kosmetoloji avadanlıqları sahibkarlara kredit şərtləri ilə də təklif edir və gələcəkdə ödəmədən yayınma halları nəzərə alınaraq, müqavilə imzalanır. Müqaviləyə əsasən, GPS.az şirkəti tərəfindən məhsula çip yerləşdirilir. Kredit ödənişlərinin dəfələrlə gecikdirilməsi və ya alınan cihazın sonradan ehtiyat hissəslərinə ayrılaraq, yaxud tam vəziyyətdə üçüncü şəxslərə şifahi razılaşma əsasında satılması hallarının qarşısının alınması məqsəd ilə, cihazın fəaliyyəti kənardan mülkiyyətçi satıcı tərəfindən dayandırıla bilər. Bu şərt açıq-aydın qanunvericiliyin qadağan etmədiyi qaydada müqaviləyə daxildir və tərəflərin iradəsi prinsipi rəhbər tutularaq imzalanır. Müştəri ödənişi tam həyata keçirdikdən sonra isə həmin çip cihazdan çıxarılır, ona borcun və çipin olmadığı barədə akt, arayış verilir.

Mətbuat konfransında o da qeyd edildi ki, çiplərin kimisə izləmək məqsədilə qoyulduğu iddiası da tamamilə əsassızdır. Kreditlə satılan məhsulun üzərinə bu çiplərin yerləşdirilməsi qanundan kənar hal deyil, çünki məhsulun pulu ödənilənə qədər o şirkətin mülkiyyəti hesab olunur və şirkətin ödənişi tam həyata keçirilənədək öz risklərini qanunla müəyyən edilmiş üsul və vasitələrlə qorumaqda tam haqlıdır. Qanuna gəlincə, satılan bu tip cihazlara çip yerləşdirilməsi ilə bağlı heç bir qadağa yoxdur. Ən azından bu məsələ indiyədək dəfələrlə aidiyyatı dövlət qurumlarında qara piar aparan şirkət nümayəndəsi tərəfindən dəfələrlə səsləndirilmiş və dövlət qurumları burada qanunsuz hansısa hal müəyyən etməmişlər.

“Azestetik Group”un direktoru Rəşad Qasımovun “Eyyub müəllim, çipin yerləşdirilməsi ilə bağlı sizin fikiləriniz mətbuatda narahatlıq doğurub. Deyin, jurnalistlər də bilsin, çipin hansısa avadanlığa yerləşdirilməsi qanunidir, yoxsa qanunsuz?”.

Eyyub Hüseynov isə bu dəfə bu suala mətbuata verdiyi qorxulu fikirlərin əksi olaraq, “bilmirəm” deməklə kifayətləndi.

“Hörmətli AİB sədri, bəs, bilmirdinizsə media vasitəsi ilə ictimaiyyətə, belə qorxulu, həyəcan və narahatlıq doğuran fikirləri sızdırmaqda niyyətiniz nə idi? – sualına “yaxşı eləmişəm” deməyinizsə sizin nə yaşınıza, nə peşəkarlığınıza, nə də indiyədək bizə örnək olan etikanıza yaraşdı. Əksinə, bu cür reaksiya və cavablarınızla təəssüf ki, ictimaiyyət və jurnalistlər qarşısında günahkar psixologiyası ilə dolayısıyla səhvinizi etiraf etmiş oldunuz. Bununla da, öz işgüzar nüfuzunuzu özünüz bilə-bilə yerlə bir etdiz…

Həmin gün mətbuat konfransında ola bilər bunu düşünmədiniz, amma həyat təcrübənizi nəzərə alsaq əminik ki, sonradan necə bir səhvə yol verdiyinizi özünüz də dərk etmisiz, lakin artıq gecdi… Çünki siz ora bu cür cavablar vermək üçün gəlməmişdiz, bunu yaxşı bilirdiz. Siz, ora məsələni böyük kimi həll etməyə, yoluna qoymağa gəlmişdiz ki, mətbuatdakı çıxışlarınız düzgün olmayıb…

Siz, həmin günü “Azestetik”ə ona görə gəlmişdiz ki, biz də bu konfransdan sonra şirkətə qarşı qara piar aparanların oyunlarında olmadığınız barədə beynimizdə suallar qalmasın… Lakin müzakirələr irəlilədikcə özünüzü gah kiçik sahibkarın vəkili, gah qanun eksperti, gah da məlum şirkətin nümayəndəsi kimi apardız, onların ağzı ilə danışdız. Çünki adınızdan yayımlanmış o məqalədəki fikirlərin hamısı sağlam rəqabət apara bilməyən həmin rəqib şirkətin rəhbərinin sözləri idi, axı bunu dördlükdə görüşdə özünüz də etiraf etmişdiniz…

“Azestetik”ə qarşı “vergidən yayınır” və “başqa bir şirkətin əmtəə nişanını mənimsəyib” iddiaları da əsassız çıxdı

Mətbuat konfransında Eyyub Hüseynovun digər bir iddiası da araşdırıldı. Belə ki, o, krediti ödəməyən kiçik sahibkarların şər və böhtan xarakterli müraciəti əsasında hazırladığı çıxışılarından birində “Azestetik”in vergidən yayındığını bildirmişdi. Guya həmin şəxslər ödəmələri Rəşad Qasımovun şəxsi bank hesabına köçürürlər. Şirkətin direktor müavini Əli Quluzadə məsələyə aydınlıq gətirdi. O, ödəmələrin köçürüldüyü çıxarışı və şirkətə məxsus kart hesabını jurnalistlərə təqdim etdi. Bununla da vergi yayınması ilə bağlı deyilənlərin və mətbuatda yer alan məlumatların əsassız, yalan olduğunu sübuta yetirdi.

Rəşad Qasımov başqa bir şirkətin əmtəə nişanının mənimsənilməsi məsələsinə də aydınlıq gətirdi. “Guya biz kiminsə əmtəə nişanından qanunsuz olaraq istifadə etmişik. Bunun da heç bir əsası yoxdur. Biz üç ildir ki, həmin əmtəə nişanından Azərbaycanda istifadə edirik. Sadəcə, qeydiyyatı ilə bağlı bir az gecikmişdik, amma sonradan ilkinlik sənədlərini əsas gətirərək Əqli Mülkiyyət Agentliyinin Apeliyasiya Şurasına müraciət etdik. Həmin əmtəə nişanını qanunsuz əldə edən şirkətin bu nişana olan hüquqları ləğv edildi”, – deyə, R.Qasımov açıqladı.

Eyyub müəllim isə, yenə də faktlar qarşısında, sadəcə susurdu. Çünki qanun qarşısında boynumuzun qıldan incə olduğunu, o da yaxşı bilirdi.

“Azad İstehlakçılar Birliyi”, yoxsa “Azad Sahibkarlar Birliyi”?

Onu da deyək ki, “Azestetik Group” dünyanın 24 ölkəsindən 40-a yaxın şirkətin Azərbaycanda rəsmi nümayəndəsidir. Azərbaycanı 24 ölkədə təmsil edir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan bu şirkətin ölkədəki tərəfdaşları da elə kiçik sahibkarlardır. Bu halda maraqlı bir sual ortaya çıxır, əcəba, Eyyub Hüseynov kimlərin hüquqlarını qoruyur? İstehlakçıların, yoxsa sahibkarların? Çünki özünün də dediyi kimi, ona müraciət edən şəxlər kiçik sahibkarlar olub. Elə bu sualı onun özünə də ünvanladıq. AİB sədrinin kimin hüquqlarını qoruduğunu bir də öz dilindən eşitmək istədik. O, “istehlakçıların hüquqlarını” qoruduğunu desə də, istehlakçı şikayəti ilə bağlı heç bir fakt ortaya qoya bilmədi. Bununla da özünü bir daha çətin vəziyyətə saldı.

Eyyub müəllim, rəhbərlik etdiyiniz AİB “Azərbaycan Sahibkarlar Konfederasiyası” deyil ki, sahibkarların hüquqlarını müdafiə etsin. Sizə müraciət edənlər nə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna görə, nə də Rəqabət Məcələsinə görə heç bir halda istehlakçı sayıla bilməzdilər. Məgər Siz bundan bixəbər idiz?!  Yoxsa mütləq bu barədə Sizə İqtisadiyyat Nazirliyinin Antiinhisar Xidməti rəsmi məktubla cavab yazmalı və izah etməli idi ki, siz səhvə yol verdiyinizi başa düşəsiz?

Eyyub Hüseynov bu dəfə özü kimi ola bilmədi!

Mətbuat konfransında həqiqətlər “Azestetik” şirkətinin lehinə oldu. Bütün media nümayəndələri də buna şahidlik etdi. Həqiqətlər tək-tək, toplanan sənədlər əsasında üzə çıxdıqca jurnalistləri bir sual düşündürürdü – Eyyub Hüseynov kimi birisinin fakt və sübutsuz, şirkətə kredit borcu olanların yalan və iftira dolu şikayətinə istinadən tirajladığı məlumatların arxasında hansı məqsəd dayanıb? Sadəcə həmin şikayətçinin xanımlığına görə, ürəyi sızlayıb dəstək olmaq istəyib, yoxsa daha böyük maraqlar var? Onun “Azestetik” kimi bazarın tanınmış bir şirkətinin nüfuzuna qarşı bu cür düşmən mövqedə dayanmasına, səbəb nə ola bilər? Ora toplaşan hər kəs bu suallara cavab eşitmək istəyirdi.

Konfransdan sonra jurnalistlərin ayrı-ayrılıqda mənə ünvanladığı bu suallar qarşısında nə deyəcəyimi bilmirdim. Çünki, cavabı, doğrudan da, bilmirdim…Cavab olaraq Eyyub müəllimlə bağlı tək ağlıma gələnləri isə dilimə gətirə bilmirdim, çünki həm inanmaq istəmirdim, həm də ona yaraşdırmırdım….. Çünki E.Hüseynovu mən həmişə dürüst, haqsızlığın deyil, haqqın tərəfində duran, araşdırmaları ilə həqiqətləri üzə çıxaran, vətəndaşları həm maarifləndirən, həm də müdafiə edən, bu yolda heç kimdən qorxmayan, çəkinməyən, istər dövlət qurumu olsun, istər özəl şirkət – sözü ilə əməli bütöv olan bir insan kimi tanımışdım, amma… Deyəsən, bu dəfə yanılmışdım… O, bu dəfə elə bil kiməsə və nəyəsə görə “Azestetik” barəsində yanıldığını dilə gətirməyə cəsarət etmirdi, ehtiyatlanırdı, çəkinirdi… Acı da olsa ürək ağrısı ilə təəssüf edirəm, Eyyub müəllim, 20 illik media dostum, bu dəfə siz özünüz ola bilmədiniz. Çox təəssüf… Mən sizin haqqınızda belə bir reportajın hazırlanmasını istəməzdim. Kaş ki, həmişə olduğu kimi bu dəfə də, həqiqətin üzünə dik baxıb, sübutsuz, dəlilsiz, heç bir araşdırma aparmadan, sadəcə hissə qapılıb onlarla insana çörək verən bir şirkətin taleyi ilə oynadığınızı, haqqına girdiyinizi ETİRAF edə bilsəydiz… Kaş ki…

Söz ardı

Hörmətli Eyyub müəllim, ədalət topal ola bilər, amma mütləq ki, gəlib yerini tapacaq… Bax onda, əminik ki, vicdanınız sizə rahatlıq verməyəcək.

P.S: Onu da qeyd edək ki, Eyyub Hüseynovun da bilərəkdən və ya bilməyərəkdən iştirakçısı olduğu “Azestetik”ə qarşı qara piar kampaniyası aparan şirkətin direktoru barəsində təkzib və işgüzar nüfuza vurulmuş zərərə dair Bakı Kommersiya Məhkəməsi şikətin xeyrinə qərar çıxarmış, iş hazırda Apellyasiya instansiyasındadır. Həmçinin, hörmətli Eyyub Hüseynov tərəfindən “Azestetik” barəsində böhtan xarakterli iddiaların səslənməsinə səbəb olan və ona müraciət edən keçmiş müştəri barəsində də artıq Balakən rayon məhkəməsində CM-nin 147 və 148-ci maddələri ilə cinayət işi açılıb. Məhkəmə işi davam edir.

Müəllif: Jurnalist, “Bugun.tv” saytının rəhbəri Elnarə Dərziyeva.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Şimali Koreyadan qaçanlara! Onlar Kim Çen Inın “əsas düşmən” adlandırdığı ölkəyə sığınırlar

Aynur Camal

“Tost” maliyyə piramidası ilə bağlı dələduzluq halları yayılıb

Bugün TV

Orduda 85 cinayəti olan şəxslər tutuldu

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu