“Valideynlər yuxarı sinifdə oxuyan övladlarına ciddi nəzarət etməlidirlər. Sonra onları pis vərdişlərdən daşındırmaq mümkün olmayacaq”.
Bunu Bugun.tv-yə açıqlamasında Hüquqi-Sosial Yardım və Maarifləndirmə İctimai Birliyinin sədri Fariz Əkbərov bildirib. O, yetkinlik yaşına çatmayan əksər uşaqlardakı özbaşnalıqlara diqqət çəkib.
“Valideynlər 14-15 yaşında olan övladları ilə maraqlanmırlar, onları düzgün şəkildə nəzarətdə saxlamırlar. Bu zaman uşaqlarda boşluqlar yaranır. Həmin boşluqlardan onlar istifadə edirlər. Bu səbəbdən də tez-tez təhsildən yayınma, məktəbdə digər uşaqlarla fiziki zorakılıq halları olur. Valideynlərə məsləhətim odur ki, övladları üzərində nəzarəti artırsınlar”.
Qanunvericilikdə “valideyn məsuliyyəti” adlanan bir anlam var. Hər bir valideynin borcudur ki, övladının 18 yaşına kimi onun təhsilində, tərbiyəsində, sağlam inkişafında yanında olsun. Fazil Əkbərov deyir ki, məhz buna görə də, hər bir valideyn övladlarının tərbiyəsində, həmçinin asudə vaxtlarında iştirak etməlidir.
“Müəyyən imkanlar çərçivəsində uşaqları gəzintiyə aparmalıdırlar. Həmçinin valideynlər çalışsınlar ki, övladlarını idmana cəlb etsinlər. Bu zaman onları zərərli vərdişlərdən də uzaqlaşdırmış olarlar. Çünki pis vərdişlər bikarçılıqdan yaranır. Uşaqlara boş vaxtlarında evdə nəzarət yoxdursa, internet klublarına, zərərsiz vərdişlərə üz tuturlar. Ona görə də hər bir valideynin övladlarının həyatında iştirak etmələri mütləqdir”,- ekspert əlavə edib.