Bugun.tv xəbər verir ki, Böyük Britaniya hökuməti Argentina milli komandasının futbolçularının 2026 FIFA Dünya Kubokunun yarımfinalında İngiltərə üzərində qazandıqları qələbədən sonra açdıqları “Malvin (Falkland) adaları Argentinanındır” yazılı bannerlə bağlı FİFA-nın araşdırma aparmasını dəstəklədiyini açıqlayıb.
Məlumata görə, Argentina yığmasının futbolçuları İngiltərəni 2:1 hesabı ilə məğlub etdikdən sonra azarkeşlərdən aldıqları “Las Malvinas son Argentinas” (“Malvin adaları Argentinanındır”) yazılmış banneri tribunalar qarşısında nümayiş etdiriblər. Hadisə qısa müddətdə idman gündəmindən çıxaraq siyasi müzakirələrə səbəb olub.
Böyük Britaniya hökuməti hesab edir ki, stadionlarda siyasi məzmunlu mesajların nümayişi FİFA-nın qaydalarına zidd ola bilər. Baş nazirin ofisi biznes naziri Piter Kaylın FİFA-nın məsələni araşdırması ilə bağlı çağırışını dəstəklədiyini bildirib.
FİFA isə hadisə ilə bağlı matç nümayəndələrinin hesabatlarının və bütün aidiyyəti materialların İntizam Komitəsi tərəfindən qiymətləndiriləcəyini açıqlayıb. Qurum siyasi xarakterli banner və şüarların rəsmi oyunlar zamanı nümayişini qadağan edən qaydaların pozulub-pozulmadığını araşdıracaq.
Banner Böyük Britaniya ilə Argentina arasında uzun illərdir davam edən Falkland (Argentina tərəfindən Malvin adaları adlandırılır) suverenlik mübahisəsini yenidən gündəmə gətirib. İki ölkə arasında bu adalar uğrunda 1982-ci ildə baş vermiş müharibə hələ də siyasi baxımdan həssas mövzu hesab olunur.
Bəzi britaniyalı siyasətçilər Argentina futbolçularına qarşı intizam tədbirlərinin görülməsini tələb etsələr də, Argentinada bir çox siyasətçi və ictimaiyyət nümayəndələri futbolçuların addımını milli mövqenin ifadəsi kimi qiymətləndiriblər.
Mənbə: The Guardian

