Bugun.tv– xəbər verir ki, İtaliyanın cənub-şərqində Brindisi ilə Lecce şəhərlərini birləşdirən magistral yolda zirehli pul daşıyan avtomobilə qarşı soyğun cəhdi zamanı silahlı insident baş verib.
İtaliya mətbuatında yer alan məlumata görə, hadisə bu gün səhər saatlarında “613” nömrəli avtomobil yolunda qeydə alınıb. Bildirilir ki, silahlı şəxslər əvvəlcədən həmin marşrut üzərində başqa bir avtomobili saxlayaraq ona od vurub və bununla da yolu bağlayaraq zirehli nəqliyyat vasitəsini dayandırıblar.
Məlumata əsasən, əksəriyyəti qara maska taxan soyğunçular zirehli avtomobili yarmaq üçün partlayıcı maddələrdən istifadə etməyə çalışıblar.
Hadisə yerinə müdaxilə edən təhlükəsizlik qüvvələri ilə hücumçular arasında silahlı qarşıdurma baş versə də, xəsarət alan olmadığı bildirilib.
Polisin operativ müdaxiləsi nəticəsində soyğun cəhdi uğursuz olub. Hücumçuların isə yoldan keçən başqa bir avtomobili saxlayaraq oğurlayıb hadisə yerindən qaçdıqları iddia edilir.
Qeyd olunur ki, insidentlə əlaqəli olduğu ehtimal edilən iki şübhəli Lecce əyaləti yaxınlığında İtaliya jandarması tərəfindən saxlanılıb.
İtaliya mediası hadisəni “Vəhşi Qərbi xatırladan səhnələr” kimi qiymətləndirib. Xatırladaq ki, həmin yolda 2024-cü ildə də oxşar soyğun hadisəsi baş vermiş və silahlı dəstə zirehli avtomobildən təxminən 3 milyon avro oğurlamışdı.
Mənbə: TrtHaber
