Fövqəladə Hallar Nazirliyi Xəzər rayonunda qanunsuz tikilən obyektləri söküb.
Bugun.tv-yə verilən məlumata görə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən respublika ərazisində qanunsuz tikintilərlə bağlı birgə tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Belə ki, paytaxtın Xəzər rayonunun Buzovna, Binə və Şağan qəsəbələri ərazisində müvafiq icazəverici sənədlər olmadan, o cümlədən yanğın təhlükəsizliyinə dair normativ sənədlərin tələbləri pozulmaqla tikinti işlərinin aparılması faktları aşkar edilib.
FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Xəzər Rayonu İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər sökülüb.