Mədəniyyət

Gecə gələrsən, gözləyəcəyəm

Şüşəbənd rayonunun mədəniyyət şöbəsinin müdürü Şurbala üçüncü katib Şəfiqə xanımın tapşırıqlarını yerinə yetirəndən sonra, dərindən nəfəs alıb, Şəfiqə xanıma zəng etdi.

-Alo, Şəfiqə xanım, qonaqları qarşılayıb, mehmanxanada yerləşdirdim. Başqa bir tapşırığınız olacaq?

Telefonda Şəfiqə xanım pıçıltı ilə dedi:

-Gecə gələrsən, gözləyəcəyəm-deyib dəstəyi asdı.

Şurbala qulaqlarına inanmadı. Gözləri bərələ qaldı. O, Şəfiqə xanımı əxlaqlı qadın kimi tanıyırdı. Şəfiqə xanım ərdə idi. Əri avtobazada işləyirdi. Şurbala Şəfiqə xanımın ərinin Leninqradda ezamiyyətdə olduğunu bilirdi. Şurbalanı fikir götürdü, Şəfiqə xanımın tapşırığına əməl etsin, etməsin? Gecə onlara getsin, getməsin?

Gecədən xeyli keçmiş, Şurbala Şəfiqə xanımın qapısını döydü. Şəfiqə xanım yuxudan dik atıldı. Qapı bir də döyüldü. Şəfiqə xanım qapıya yaxınlaşıb soruşdu:

-Kimdir?

-Mənəm, Şurbala.

Şəfiqə xanım qapını açdı. Şurbala əlindəki gül dəstəsini ona uzatdı.

-Axşamınız xeyir.

Şəfiqə xanım bir Şurbalaya, bir də Şurbalanın əlindəki gül dəstəsinə baxdı, bir şey anlaya bilmədi:

-Şurbala, bu gül dəstəsi nədir, gecənin bu vaxtı niyə gəlmisən?

-Şəfiqə xanım, özünüz telefonda demədiz ki, gecə gələrsən, gözləyəcəyəm?

Şəfiqə xanımın dili topuq vurdu:

-Mmmən dedim gecə gələrsən, gggözləyəcəyəm?

-Hə, siz dediz.

-Şurbala, sənin ağlın çaşıb? Cəhənnəm ol, nə qədər ki, təcili yardım çağıtdırıb, səni dəlixanaya göndərməmişəm.

– Şəfiqə xanım, mən dəli-zad deyiləm, fikrinizi dəyişmisiz, o başqa məsələ.

-Mən fikrimi dəyişmişəm?

Şəfiqə xanım Şurbalanın yaxasından yapışıb, çölə atmaq istəyirdi ki, küçədən keçənlərin səsini eşidib, fikrini dəyişdi, onu içəri çəkib, qapını bağladı:

-Gecə vaxtı qonşular səni mənim evimdən çıxan görərlər, ərim də ezamiyyətdə.

-Ezamiyyətdə olduğunu bilirəm.

-Onun üçün də əlinə bir dəstə gül alıb, gəlmisən üstümə?!

-Özünüz dediz, mə də gəldim.

-Şurbala, nə qədər sənin başını vurub yarmamışam, get otur mətbəxdə, səhər açılan kimi cəhənnəm olarsan. Mən səhər bu məsələyə aydınlıq gətirərəm.

Şəfiqə xanım yataq otağına keçdi. Şurbala dilxor mətbəxtdə oturub, səhərin açılmağını gözləyirdi. Bir azdan çay içmək istədi. Çaydanı qazın üstünə qoydu. Çox çəkmədi Şurbalanı yuxu apardı. Yuxuda Şəfiqə xanımı qucaqlayıb, öpmək istəyəndə, Şəfiqə xanım ona bir sillə vurdu. Şirbala yuxudan dik atıldı. Mətbəxi od bürümüşdü. Yanğınsöndürənlər gələnə kimi, qonşular Şəfiqə xanımla Şurbalanı alovun içindən çıxardıb, xəstəxanaya apardılar.

Rayona səs yayıldı ki, Şəfiqə xanımla Şurbalanı yataqdaikən alovun cəngindən alıblar. Hətta birinci katib də buna inanmışdı. Hirsindən xəstəxanaya gedib, Şəfiqə xanıma baş çəkməmişdi. Qonşulardan biri Leninqradda ezamiyyətdə olan Şəfiqə xanımın əri Şəmsəddinə teleqram vurdu:

-Ay evi dağılmış, tez özünü çatdır, evin yanır.

Şəmsəddin ildə iki dəfə ezamiyyət adı ilə Leninqraddakı məşuqəsi Şurays baş çəkərdi. Şura da öz növbəsində ona tumar çəkərdi. Şəmsəddin avtobazanın pullarını ona xərcləyərdi, Şura da ona naz edərdi.

Şəmsəddin evinin yandığı xəbərini alan kimi, Leninqraddan kecəikən uçub, gəldi. Hava limanında təyyrədən düşən kimi qonşuları əhvalatı ona danışdılar. Şəmsəddinin kefi pozuldu. Yol boyu öz-özünə dedi:

-Vay dədə, sən demə mən orada Şuranı tumarlayanda, Şurbala da mənim arvadımı tumarlayırmış.

Şəmsəddin xəstəxanaya gəlib, Şəfiqə xanımın halını soruşmaq əvəzinə, Şurbalanın gecəikən sənin yanında nə qayırdığını soruşdu. Şəfiqə ona hadisənin necə olduğunu danışdı. Şəmsəddin inanmaq istəmədi. Təkrar bir də soruşdu:

-Sən məni başa sal görüm ki, gecəikən Şurbala bizim evdə nə qayırırdı?

Şəfiqə ərinin heç cür başa sala bilmədiyini görüb, susmaq məcburiyyətində qaldı. Bu Şəmsəddinin şübhələrini daha da artırdı. Şəmsəddin rayonda biabır olmuşdu. Şəfiqəni boşayıb, Leninqrada Şuranın yanına getməkdən savayı çarəsi yox idi.

Bir neçə aydan sonra Şurbala sağalıb işə çıxdı. Şəfiqə xanım ağıllı qadın idi, məsələyə aydınlıq gətirməli idi. Şurbalaya tapşırdı ki, rayonda parodiyaçıların müsabiqəsini keçirtsin.

-Münsiflər sədri özüm olacağam.

Bir aydan sonra, müsabiqə başladı. Müsabiqənin yekununda Şəfiqə xanım parodiyaçıları mədəniyyət evindən bir başa milis şöbəsinə apardı. Milis şöbəsində rəis parodiyaçılardan bu yaxınlarda qadın səsi ilə telefonda “gecə gələrsən, gözləyəcəyəm” sözlərini kim tərəfindən deyildiyini soruşanda, hamı susdu. Rəis yenidən sualı təkrar edəndə, bir cavan oğlan boynuna aldı ki:

-Bizim evə zəng olundu. Mənə Şəfiqə xanım deyə müraciət etdi. Mən də ona qadın səsi ilə dedim ki, gecə gələrsən, gözləyəcəyəm.

Bu söhbət rayona yayıldı. Buna inananlar da oldu, inanmayanlar da.

 

Əhməd Orucoğlu

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Tələ-Təbdil

Aynur Əfəndi Zadə

“Səsin sehri” adlı kitabın təqdimatı keçirildi

İntizar Əmirova

Murad Arifdən ilk solo konsert

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu