İsrailin Livana endirdiyi son hava zərbələri nəticəsində ölənlərin sayı 120-ni keçib. Hücumlar xüsusilə Beyrutun cənub və şərq bölgələrində ciddi dağıntılara səbəb olub.
Bugun.tv xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, həftə ərzində İsrailin hücumları nəticəsində azı 123 nəfər həlak olub, 683 nəfər isə yaralanıb. Nazirliyin açıqlamasında bildirilib ki, ölkənin müxtəlif bölgələri ardıcıl hava zərbələrinə məruz qalır.
Livanın rəsmi Milli Xəbər Agentliyi (NNA) İsrail döyüş təyyarələrinin gecə saatlarında ölkənin cənubundakı Srifa, Aita əl-Şaab, Tuline, əs-Savvana və Majdal Selem şəhərlərinə zərbələr endirdiyini bildirib. Bundan başqa, səhər saatlarında Livanın şərqində yerləşən Douris şəhərində də partlayış qeydə alınıb.
İsrail ordusu Beyrutun cənub ətraflarında yerləşən Dahiyə bölgəsinə 26 dəfə hava hücumu həyata keçirdiyini açıqlayıb. Ordu həmin ərazilərdə Hizbullahın hərbi infrastrukturlarının, o cümlədən təşkilatın İcra Şurasının qərargahı və pilotsuz uçuş aparatlarının saxlanıldığı anbarların hədəfə alındığını iddia edir.
Bunun fonunda Hizbullah İsrail sakinlərini ölkənin şimal sərhədinə yaxın əraziləri tərk etməyə çağırıb. Təşkilat sərhəddən 5 kilometr məsafədə yerləşən şəhərlərin boşaldılması barədə xəbərdarlıq edib.
Digər tərəfdən, İsrail ordusu Livan sərhədinə əlavə hərbi qüvvələr göndərdiyini və bunun ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildirib.
İsrailin Beyrutun cənub ətrafı üçün verdiyi təxliyə çağırışları isə bölgədə kütləvi köçə səbəb olub. Rəsmi məlumatlara görə, on minlərlə insan evlərini tərk edərək ölkənin digər bölgələrinə üz tutub. Yüzlərlə ailə müvəqqəti sığınacaq tapmaq üçün Beyrut sahillərində gözləməyə məcbur qalıb.
BMT rəsmiləri isə Livanın cənubu və Beyrut ətrafı üçün verilən genişmiqyaslı təxliyə əmrlərinin humanitar vəziyyəti daha da ağırlaşdırdığını bildirərək narahatlıq ifadə ediblər.
Mənbə: Aljazeera.Com
