5 C
Baku
26 Yanvar 2026, 22:52
DünyaSiyasət

Gürcüstan–Qərb münasibətlərində böhran dərinləşir: siyasi izolyasiya və regional risklər artır

“Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Davos İqtisadi Forumuna dəvət edilməməsi rəsmi Tiflis üçün ciddi siyasi mesaj kimi qiymətləndirilir. Bu addım son illərdə Gürcüstan hökumətinin atdığı qərarların Qərb ölkələri ilə münasibətlərdə dərin etimadsızlıq yaratdığını bir daha nümayiş etdirir”.

Bugun.tv– xəbər verir ki, bu barədə açıqlamanı siyasi ekspert Məhəmməd Əsədullazdə öz sosial media hesabında paylaşıb.

O qeyd edib ki, Hakim “Gürcü Arzusu” partiyası rəsmi açıqlamalarında Avropaya inteqrasiyanı prioritet elan etsə də, vətəndaş cəmiyyəti institutları və media ilə bağlı qəbul edilən məhdudlaşdırıcı qanunlar, Rusiya ilə iqtisadi əlaqələrin genişlənməsi və qeyri-şəffaf siyasi təmaslar bu bəyanatlarla ziddiyyət təşkil edir. Nəticədə Gürcüstan beynəlxalq müstəvidə tədricən siyasi izolyasiya vəziyyətinə düşür. Hökumət bu siyasəti “müstəqil xarici siyasət” kimi təqdim etsə də, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə yaranmış böhran ölkə üçün müsbət perspektivlər vəd etmir.

Xüsusilə Rusiyanın regiondakı maraqlarına uyğun daxili və xarici siyasət addımları Cənubi Qafqazda mənfi geosiyasi tendensiyaların dərinləşməsinə səbəb olur. Hazırda Gürcüstanın ABŞ və Avropa İttifaqı ilə münasibətləri son illərin ən aşağı səviyyələrindən birindədir və bu münasibətlərin yaxın gələcəkdə normallaşdırılması istiqamətində real addımlar müşahidə olunmur.

Rəsmi Tiflisin Zəngəzur dəhlizinin açılmasına ehtiyatla yanaşması da diqqət çəkir. Ekspertlər bunu Gürcüstanın regionda formalaşan yeni nəqliyyat və enerji marşrutlarında öz rolunu itirmək qorxusu ilə əlaqələndirirlər. Artıq Gürcüstan Qərb üçün əvvəlki strateji və siyasi cəlbediciliyini əhəmiyyətli dərəcədə itirib. ABŞ və Avropa İttifaqı regionda əməkdaşlıq baxımından Ermənistan və Azərbaycanla münasibətlərə daha çox üstünlük verməyə başlayıb ki, bu da Gürcüstanın regional proseslərdən kənarda qalması riskini artırır.

Mütəxəssislərin fikrincə, Gürcüstan hökumətinin hazırkı siyasəti növbəti mərhələdə birbaşa ölkənin öz maraqlarına zidd nəticələr doğura bilər. Avropa İttifaqının Gürcüstana qarşı siyasi və iqtisadi sanksiyalar tətbiq etməsi ehtimalı da istisna edilmir. Belə bir ssenari reallaşarsa, Gürcüstanın həm daxili sabitliyi, həm də beynəlxalq mövqeləri ciddi zərbə ilə üzləşə bilər.

Siyasi ekspert Məhəmməd Əsədullazadənin sözlərinə görə, mövcud vəziyyət Gürcüstan üçün həm daxili, həm də xarici siyasətdə ciddi strateji risklər yaradır.

Məhəmməd Əsədullazadə – Milli Cəbhə Partiyası sədrinin müavini, siyasi ekspert.

Aynur Camal

Oxşar xəbərlər

Pandalara vida: Minlərlə insan zooparka axışdı

Aynur Camal

Ermənistan Azərbaycanın COP17-də iştirakı üçün tezliklə rəsmi dəvət göndərəcək

Aynur Camal

ABŞ yeni milli müdafiə strategiyasını açıqladı — Aqil Məmmədovun şərhi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu