Erməni təxribatçıları Gürcüstanda millətlərarası ixtilafı qızışdırırlar. Gürcüstanda məskunlaşmış ekstremist “erməni icması” gürcülərə qarşı təxribat xarakterli fəaliyyətlərini məqsədyönlü şəkildə davam etdirir.
2023-cü ilin aprelin 21-də “Gürcüstanın erməni icması” ekstremist təşkilatının lideri Artur Mirzoyan 3 maskalı şəxsin guya ona hücum etməsini qeyd edib. Qeyd etmək lazımdır ki, müsahibə verən zaman A.Mirzoyanın geyindiyi köynəyin üzərində “Artsax” bayrağının olması, onun da digər erməni separatçılarından heç bir fərqinin olmadığını göstərir. A.Mirzoyan ona edilən hücümla əlaqədar olaraq azərbaycanlıları və türkləri günahlandırıb.
O, ona hücum edən 3 naməlum şəxsin guya “erməni soyqırımının ildönümü” ilə bağlı erməni tədbirlərinin hazırlanması ilə əlaqədar hücum etdiyini bildirib. A.Mirzoyan arsızcasına üstəlik saxta “erməni soyqırımı” qurbanlarının sayının guya 2 milyona çatdığını qeyd edib. Həmçinin ermənilərə və gürcülərə təxribat xarakterli çağırışlar edərək, separatçılığı alovlandırmağa çalışıb. Erməni millətçiləri aprelin 24-də Tbilisinin mərkəzində saxta “erməni soyqırımı” ilə bağlı yürüş ediblər.
Onlar “Gürcüstanın erməni icması” ekstremist təşkilatının liderlərindən biri Artur Mirzoyanı simvolik olaraq əlil arabasında apararaq ictimaiyyətin diqqətini cəlb etməyə çalışıblar. Onun ardınca isə, üzərində qədim yunan ilahəsi “Nemezis”in və erməni terrorçusu Soqomon Teyliryanın təsvir olunduğu afişanı nümayiş etdiriblər.
Xatırlatmaq lazımdır ki, Soqomon Teyliryan 1921-ci ilin martın 15-də Daşnaksütyun partiyasının Berlin ərazisində həyata keçirdiyi “Nemezis” əməliyyatı zamanı türk generalı Tələt paşanı qətlə yetirib. S.Teyliryan mühakimə olunan zaman Tələt paşanı öldürdüyünü etiraf edib.
S.Teyliryanın İrəvanda ucaldılan heykəlində, erməni cəlladının ayağı altına türk generalı Tələt paşanın başı qoyulub. Bu heykəl məhz erməni terrorizmini, onların müsəlman dünyasını necə məhv etməsini simvolizə edir. Erməni millətçiləri – S.Teyliryan, Qaregin Nijde, General Dro kimi erməni cəlladlarını özlərinə “qəhrəman” hesab edirlər.
A.Mirzoyanın müsahibəsindən də göründüyü kimi onun müsahibə verən zaman heç bir xəsarətinin olmaması əslində heç də zərərçəkən olmadığını açıq-aşkar göstərir. Görünüşə görə, bu hadisə erməni təxribatçılarının əvvəlcədən düşünülmüş növbəti bir ssenarisidir. Belə bir səhnəcik hazırlamaqla erməni separatçıları – azərbaycanlıları və türkləri günahlandırmağa çalışır və beləliklə millətlərarası arapozuculuq fəaliyyətlərini həyata keçirməyə cəhd edirlər. Tarixdə isə hər hansı bir “erməni soyqırımı” olmamışdır.
Görkəmli alim, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı İstanbul universitetində keçirilən “XIX-XX əsrlərdə türk-erməni əlaqələri: birgə yaşama, qırğınlıq, ayrılıq və yeni axtarışlar” mövzusunda beynəlxalq simpoziumda məruzə edərkən qeyd edib: “Ən mötəbər arxiv sənədlərindən aydın olur ki, tarixdə “erməni soyqırımı” deyilən bir şey olmayıb. Bu, erməni dairələri və bəzi dövlətlər tərəfindən strateji məqsədlərini reallaşdırmağa kömək məqsədi ilə uydurulub. Əsl soyqırımı erməni silahlı dəstələri, daşnak Ermənistanı və Ermənistan Respubikası müxtəlif dövrlərdə dinc azərbaycanlılara və digər türk, müsəlman əhaliyə qarşı törədiblər”.
Erməni millətçiləri hər səfərində özlərini ictimaiyyətə “yazıq” kimi, “əzabkeş” kimi təqdim edirlər. Özlərini hər dəfə bəşəriyyət qarşısında aciz obrazında canlandırmağa çalışan erməni separatçıları müxtəlif yollarla millətlərarası münaqişələri törətməyə çalışırlar. Onlar özlərini haqlı çıxarmaqdan ötrü cinayət əməllərindən çəkinmirlər, öz günahlarını isə qonşularının üzərinə yıxmağa çalışırlar. Yeri gələndə “xristian həmrəyliyi”ndən dəm vuran erməni ünsürləri əslində özləri dinlərarası həmrəyliyi pozaraq xaos yaratmağa çalışırlar. Erməni millətçiləri gürcülərə qarşı hər yerdə nifrət aşılayaraq, gürcüfobiyanı təlqin etməyə çalışırlar. Ermənistanın bütün bu sözügedən təxribatları törətməkdə məqsədi regiondakı qonşu xalqların maddi və mədəni sərvətlərini ələ keçirməkdir.
Erməni millətçiləri məkrli niyyətlərindən ötrü yeri gələndə orjinal tarixi sənədləri də saxtalaşdıraraq ona-buna sırımağa cəhd edirlər. Gürcü müəllifi Quram Marxuliya həmmüəllifi olduğu “Çox səbirli Ermənistan: miflər və reallıqlar” adlı əsərində erməni millətçilərinin Azərbaycanın, eləcə də Cənubi Qafqazın mədəni irsini öz adlarına çıxarmaq cəhdini təsdiq edir. Bir çoxları ermənilərin Şərqi Anadoludakı türk torpaqlarına olan iddialarının legitimliyinə haqq qazandırmağa çalışırlar. Bu insanlar sadəcə olaraq belə tələblərin xalqların hüquqlarını və beynəlxalq hüquq normalarını pozduğuna məhəl qoymurlar, çünki əslində bu torpaqlarda ermənilər yaşamayıblar. Erməni separatçılarının əksəriyyəti 1915-ci ildə Osmanlı İmperiyası ilə məkrli niyyətlərindən ötrü müharibə aparıblar. Bu faktı Ermənistanın milli liderləri də dəfələrlə təsdiq ediblər. Vətəndaş müharibəsinin başlamasına səbəb olanlar da erməni separatçıları idi. Onlar bu yolla Şərqi Anadoluda, əsasən də Van şəhərində yaşayan bir çox müsəlmanların ölümünə səbəb oldular.
N.Paşinyan 44 günlük İkinci Vətən müharibəsindən sonra Azərbaycanın guya eyforiya içərisində olduğunu və hər şəyi əldə etməyə çalışdığını qeyd edib. Bu barədə o Milli Məclisin növbədənkənar iclasında “Ermənistan hökumətinin 2021-2026-cı illər proqramının 2022-ci ildə həyata keçirilməsinin gedişi və nəticələri haqqında” hesabatın müzakirəsi zamanı aprelin 18-də bildirib.
Qeyd edək ki, N.Paşinyanın eyforiya zənn etdiyi əslində Azərbaycanın Ermənistan üzərindəki böyük tarixi qələbə sevincidir və bu sevinc yenə də davam etməkdədir. Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsində Azərbaycan dövlət bayrağının qaldırılması mərasiminin baş tutması da həmin sevincin bu gün də davam etməsini bir daha sübut edir. Hazırda Azərbaycanın bayrağı Həkəri çayının üzərindəki körpünün üzərində də dalğalanır. Bu hadisə Azərbaycanın birmənalı olaraq qalib ölkə olmasının göstəricisidir. Üzünə hər səfərində qapı çırpılmasına vərdiş edən N.Paşinyan isə bu səfər də bağlı qapılar arxasında qaldı. Başqa sözlə desək, N.Paşinyan bu səfər də özgə atından yıxıldı.
Ermənistan beynəlxalq hüquq normalarına riayət etməyən ölkədir. Belə bir ölkədə hər hansı bir demokratiya anlayışından söhbət gedə bilməz. Bu baxımdan misal olaraq, İrəvanda bu yaxında keçirilən ağır atletika üzrə Avropa çempionatının açılışında yerli “azarkeş”lərdən birinin Azərbaycanın bayrağının yandırmasını qeyd etmək olar. Göründüyü kimi, Ermənistana məxsus olan vandalizm, barbarlıq kimi qeyri-insani keyfiyyətlər erməni millətçilərinin simasında hər səfərində özünü biruzə verir. Heç şübhəsiz ki, erməni “azarkeşi”nin Azərbaycan bayrağını yandırması arapozuculuq fəaliyyətinə hesablanılmış bir addımdır. Erməni “politoloqları” tez-tez Ermənistanın guya “sülhpərvər” olmasından dəm vururlar. Halbuki belə bir addım Ermənistanın sülhə yox, daha çox təxribata meyilli olduğunu açıq-aşkar göstərir.
Kamal Salayev – AMEA Qafqazşünaslıq İnstitutunun Gürcüstanşünaslıq şöbəsinin elmi işçisi.