Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə iyunun 1-dən icra etdiyi “İlmələrin sevinci: xalçaçılıq kursları” layihəsini 31 avqustda yekunlaşdırıb.
Layihə çərçivəsində Bakıda şəhid övladları və Təmiz Dünya İctimai Birliyinin sığınacağındakı uşaqlara nəzəri-praktik kurslar keçirilib.
Kurslarda Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Səbuhi Bayramov layihənin məqsədi və hədəfi haqqında danışıb. O bildirib ki, həssas qruplar çox vaxt psixoloji problemlərlə üzləşirlər: “Özlərinə qapanır, özünəinamı itirirlər. Lakin yaradıcı sənaye, sənət, mədəniyyət, hər hansı bir məhsulun istehsalında şəxsən iştirak etmək bu insanlar üçün həm də terapiyadır. Dünya təcrübəsində geniş istifadə edilir”.
Kurs müddətində Humanitar Kollecin müəlliməsi Aytən Abdullayeva əyani şəkildə xalçatoxuma dəzgahları qarşısında uşaqlara təlim keçərək xalça toxumağın qaydalarını öyrədib. Həmçinin təlimlərdə uşaqalara xalça sənəti, xalça dizaynerliyi, yaradıcı sənaye, o cümlədən, xalça instalyasiyaları, xalçanın digər sənət növləri ilə inteqrasiyası, perspektivləri, İT və İnnovativ alətlər vasitəsilə xalça sənətinin inkişafına dair məlumat verilib.
Ümumi olaraq layihənin fəaliyyət planına uyğun olaraq 7 kurs təşkil edilib.
Xatırladaq ki, layihə çərçivəsində uşaqlar Azərbaycan Milli Xalça Muzeyində eksponatlarla da tanış olublar. Onlara xalçaçılıq sənətinin tarixi, beynəlxalq aləmdə Azərbaycan mədəniyyətinin tandılmasında milli xalçaçılığın rolu barədə məlumat verilib.