Çinin ən böyük şəhəri Şanxay, 1949-cu ildə Qloriya tayfundan sonra sahillərinə çatan ən şiddətli tayfun olan Bebinca tayfunun təsirini gün ərzində hiss etdi.
Yerli hökumətdən verilən açıqlamalara görə, səhər saatlarında Çin sahillərinə çatan qasırğa səbəbiylə Şanxayda küçələr su altında qalıb, təyyarə, qatar və bərə səfərləri ləğv edilib, evlərdə elektrik enerjisi kəsilib.
Son 75 ildə şəhərə təsir edən ən şiddətli qasırğa nəticəsində indiyədək heç bir insan tələfatı qeydə alınmasa da, bir nəfər xəsarət alıb.
Bildirilib ki, şəhər mərkəzinin şimalında yerləşən Çonminq adasında yaxınlıqdakı ağacın aşması nəticəsində yaşlı bir kişi xəsarət alıb.
Sürəti saatda 151 kilometrə çatan küləkləri daşıyan tayfun nəticəsində 380-dən çox ev elektrik enerjisini itirib, 324 hektar kənd təsərrüfatı sahəsinə ziyan dəyib.
Yaxınlaşan tayfundan əvvəl fırtınanın vuracağı gözlənilən sahillərdə yaşayan 414 min insan dünən gecəyə qədər təhlükəsiz bölgələrə təxliyə edilib.
Tayfun səbəbindən şəhərin iki hava limanında uçuşlar dayandırılıb, 1400-dən çox reys ləğv edilib. Bundan başqa, 600-dən çox qatar və 34 bərə fəaliyyət göstərə bilməyib.
“Bebinca” tayfunu günorta saatlarından intensivliyini azaldıb və Şanxayı əhatə edən Jiangsu, Ciciang və Anhui əyalətlərinin daxili hissələrinə doğru hərəkət edib.
Çində çərşənbə gününə qədər davam edəcək Payız Ortası Festivalı tətili zamanı qasırğanın böyük miqdarda yağıntı gətirəcəyi gözlənilir.
Mənbə: Haber Global