Fobiya. Demək olar ki, bu sözü tez-tez eşidirik. Bunun müxtəlif növ formaları mövcuddur. Bəzən isə fobiyanı qorxu ilə səhv salırıq.
Mövzuya aydınlıq gətirmək üçün psixoloq Aygün Ağabalayeva Bugun.tv-yə danışıb.
Psixoloq deyir ki, bəzən insanlar fobiya və qorxu terminlərini yanaşı istifadə edirlər. Amma bunlar fərqli anlayışdırlar. Qorxu insanın özünü müdafiə mexanizmidir. Bu müəyyən qədər hər bir insanda olmalıdır. Fobiya isə qeyri-normal qorxular yaradır. Misal üçün deyək ki, bir insan keçmişdə qorxulu bir hadisə yaşayıb. O, hər zaman gələcəkdə eyni hadisəni təkrar yaşayacağı qorxusu ilə yaşayır. Bu qorxaqlıqlar insanda müəyyən simptomatik olaraq, narahatlıqlar yaradır. Bu zaman ürək döyüntüləri artır, təngnəfəslik, titrəmələr, boğulma halları, nəfəsdarlığı, anidən təzyiqin düşməsi, huşunu itirməsi halları müşahidə olunur. Bu həyəcan, təşviş fonunda panik atak yaranır. Fobiyanın panik atakdan fərqi odur ki, insan fobiyanın panik ataka nə zaman keçəcəyini bilir və özünü bundan çəkindirir. Məsələn, əgər liftə minməkdən qorxursa, liftə minmir.
Psixoloq onu da qeyd etdi ki, son zamanlar fobiya ilə bağlı müraciətlərin sayı çoxalıb. Ən çox da qapalı məkan qorxusu və ya onun əksi -açıq məkan qorxusu, aqrofobiya (yüksəklik qorxusu), sosialfobiya ( auditoriya qarşısına çıxmaq qorxusu), yaxın qohumunu itirmək, xəstələnmək qorxusu,sudan, həşəratdan qorxmaq və s.
Ancaq hələki bunun yaranma səbəbi konkret məlum deyil. Ümumi götürəndə burada bioloji və genetik, sosial faktorlar rol oynayır. Məsələn, ana pişikdən qorxursa, bu hal uşaqlarından birində müşahidə oluna bilər. Səbəblərdən biri isə insanın uşaqlıqda aldığı psixoloji travmalardır. Sanki insanın həyatının müəyyən vaxtında yaşadığı uşaqlıq qorxusu şüur altından üzə çıxır.
Bu qorxular fobiyaya keçən zaman insanların gündəlik rahat yaşayışını çətinləşdirir, insanın sosiumda adaptasiyasına mane olur. Çünki elə insanlar olur ki, fobiyalarına görə evə qapanır, cəmiyyətdən özünü təcrid edir. Bəzən cəmiyyətdə fobiyalar adi bir hal kimi qəbul olunur. Düşünürlər ki, keçib gedəcək. Ancaq bu belə deyil. Mütləq bir mütəxəssis müdaxiləsi lazımdır. Və bunun müalicəsi ilə psixopreapevt məşğul olur. Ehtiyac olarsa, psixoloq pasiyenti psixiatra yönəldir və dərman müdaxiləsi ilə paralel terapiya gedir.Təbii ki, bu zaman psixoloq, mütəxəssis əsas koqnitiv davranış terapiyasından istifadə edir. Fobiyalardan qurtulmaq mümkündür, amma gərək insanın öz istəyi olsun.
Həyatınızı qorxulara qurban verməyin!