Yaponiya hökumətinin Rusiya ilə münasibətlərə dair mövqeyi baş nazir Fumio Kişidanın Kiyevə son səfərindən sonra dəyişməz olaraq qalır.
Bugun.tv xəbər verir ki, bunu Yaponiyanın Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib.
“Mən Baş nazir Kişidanın Ukraynaya səfərinin Rusiyanın Yaponiya ilə bağlı gələcək siyasətinə necə təsir edəcəyi haqda fikir bildirməyəcəm. Lakin ölkəmizin siyasəti dəyişməz olaraq qalır. Biz milli maraqlarımızı nəzərə alaraq, buna uyğun hərəkət etməyə davam edəcəyik”, – Matsuno vurğulayıb.
O, bildirib ki, balıqçılıq məsələləri və Rusiya ilə vizasız mübadilələrin bərpası Tokionun prioritetləri arasında qalır. Onun sözlərinə görə, Yaponiya bu məsələlərlə bağlı səfirliklər səviyyəsində məsləhətləşmələri davam etdirəcək.
Qeyd edək ki, Kişida dünən Kiyevə elan olunmamış səfər edib. Bu, Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başladıqdan sonra Yaponiya liderinin ilk səfəri idi. O, Yeddilik Qrupundan (G7) bunu edən sonuncu liderdir.
Mənbə:TASS