HƏMAS bildirib ki, İsrailin Qəzza zolağına hücumlarını dayandırması, Qəzzanı tərk etməsi və onu yenidən qurması müqabilində bütün məhbusları azad etməyə hazırdır.
HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Hayye İsrailin “qismən” atəşkəs təkliflərinə cavab verib.
Bir il yarım davam edən çətin danışıqlar prosesindən sonra HƏMAS-ın əldə etdiyi üç fazalı atəşkəs razılaşması çərçivəsində bütün öhdəliklərini yerinə yetirdiyini xatırladan Hayye, “Lakin Benyamin Netanyahu və hökuməti hələ birinci mərhələ tamamlanmadan razılaşmanı sabote etdi və xalqımıza qarşı ən iyrənc qırğınları törətdilər” deyib.
Hayye, Netanyahunun siyasi gələcəyini qorumaq üçün müharibəni davam etdirmək niyyətində olduğunu bildiyi halda Ramazan ayında vasitəçilərin etdiyi təklifi qəbul etdiklərini, Netanyahunun da bu təklifi rədd edərək, müharibəni bitirməyən və Qəzzadan çəkilməyi nəzərdə tutmayan başqa bir təkliflə gündəmə gəldiyini ifadə etdi.
Qəzzaya hücumların davam etdirilməsi kimi “qismən” atəşkəs təkliflərini rədd etdiklərini söyləyən Hayye, “İsrailin hücumlarına son verməsi, Qəzzadan tamamilə geri çəkilməsi, yenidənqurma işlərinə başlaması və blokadaya son verməsi müqabilində bütün məhbusların azad edilməsini nəzərdə tutan əhatəli paket üzərində dərhal danışıqlara başlamağa hazırıq” deyib.
Hayye, “Netanyahunun qismən razılaşma təklifindən siyasi gündəminə pərdə kimi istifadə etdiyini, sözügedən təklifin məhbusların həyatı bahasına olsa belə, müharibənin, soyqırımın və aclığın davam etdirilməsini nəzərdə tutduğunu və onların bu siyasətin bir parçası olmayacaqlarını” vurğulayıb.
Fələstin müqavimətinin və sahib olduqları silahların işğalın nəticəsi olduğunu qeyd edən Hayye, bu silahların Fələstin xalqının və işğal altında olan bütün xalqların qanuni haqqı olduğunu vurğulayıb.
Hayye, ABŞ-ın Girov Məsələləri üzrə Xüsusi Nümayəndəsi Adam Boehlerin müharibə və girov faylının birlikdə sona çatması ilə bağlı mövqeyini alqışladıqlarını və bunun HƏMAS-ın “müharibəni bitirmək, Qəzzadan çəkilmək və yenidən qurulması qarşılığında girovları bir anda azad etmək” mövqeyi ilə üst-üstə düşdüyünü bildirib.
HƏMAS-ın Qəzzadakı lideri Hayye beynəlxalq ictimaiyyəti Fələstin xalqına qarşı tətbiq olunan amansız blokadanın aradan qaldırılması üçün təcili müdaxilə etməyə çağırıb.
Mənbə: Anadolu Agentliyi (AA)