Hindistanın Qərbi Benqal ştatında ölümcül Nipah virusu ilə bağlı qeydə alınan yoluxma və ən azı iki ölüm hadisəsi Asiya ölkələrində ciddi narahatlıq yaradıb.
İnsanlar arasında ölüm nisbətinin 40–75 faiz arasında dəyişməsi səbəbilə Tayland, Malayziya və Sinqapur kimi ölkələr sərhəd və səhiyyə nəzarətini gücləndirib, əlavə test və skrininq tədbirləri tətbiq etməyə başlayıb.
Nipah virusu zoonoz xəstəliklər qrupuna daxildir və əsasən heyvanlardan insanlara keçir. Virusun başlıca yoluxma yolları yoluxmuş yarasaların bədən mayeləri ilə təmas, bu mayelərlə çirklənmiş qidaların qəbulu və nadir hallarda insandan insana yaxın təmasdır.
Xəstəlik sürətlə inkişaf edir, əlamətlər adətən 4 gün – 3 həftə ərzində üzə çıxır. Əsas simptomlara yüksək hərarət, tənəffüs çətinliyi, qıcolmalar, şüur itkisi və beyin iltihabı (ensefalit) daxildir.
Hazırda Nipah virusuna qarşı təsdiqlənmiş peyvənd və ya spesifik müalicə üsulu yoxdur. Avstraliyada hazırlanmış m102.4 adlı preparat üzərində tədqiqatlar davam etsə də, onun geniş istifadəsi hələ mümkün deyil.
Mütəxəssislər virusun insandan insana məhdud ötürülməsi səbəbindən qlobal miqyasda Covid-19 səviyyəsində təhlükə yaratma ehtimalının aşağı olduğunu bildirirlər. Buna baxmayaraq, riskli bölgələrdən qayıdan və qızdırma əlaməti göstərən şəxslərə həkimə müraciət etmələri tövsiyə olunur.
Mənbə: TrtHaber
